Boliviyada prezident seçkilərinin ikinci turu keçiriləcək
Dünya
22.08.2025 15:03
Boliviya Seçki Komissiyasının təsdiqlədiyi nəticələrə əsasən, ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda mərkəz-sağ yönümlü senator Rodriqo Pas və keçmiş prezident Xorxe Kiroqa qarşı-qarşıya gələcək.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.
Rəsmiləşdirilmiş nəticələrə görə, avqustun 17-də baş tutan birinci turda Rodriqo Pas seçicilərin 32 faiz səsini toplayaraq birinci olub. Kiroqa isə 27 faizə yaxın səs toplayaraq ikinci tura vəsiqə qazanıb.
İki sağçı namizədin ikinci tura keçməsi Boliviyada son 20 ilin solçu idarəçiliyinin başa çatacağının göstəricisi kimi qiymətləndirilir. Seçkilərdə yeganə solçu namizəd olan və Senata rəhbərlik edən Androniko Rodriges cəmi 8,5 faiz səs toplaya bilib.
Mövcud prezident, Sosialist Partiyasının üzvü Luis Arse bu dəfə seçkilərdə iştirak etməyib. Eyni zamanda, partiyanın sabiq lideri və keçmiş prezident Evo Moralesin də namizədliyi Konstitusiya Məhkəməsinin qərarı ilə rədd edilib. Qərara əsasən, Morales artıq üç müddət prezident vəzifəsində çalışdığı üçün yenidən namizəd ola bilməz.
Qeyd edək ki, Boliviya Konstitusiyasına görə, bir şəxs prezident vəzifəsində maksimum iki ardıcıl müddət xidmət göstərə bilər.
Töhfə Səməd
tag: Boliviya,Prezident,Seçki,Tur,Todaypress.tv,