Bir hərəkət neft hasilatını dayandırdı - Liviyada fors-major elan edilə bilər
Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) ölkənin şimal-qərbində yerləşən iki yataqda hasilatın əsas neft xəttindəki siyirtmənin qanunsuz şəkildə bağlanmasından sonra dayandırılması ilə əlaqədar fors-major elan edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə NOC-nin “Facebook”dakı bəyanatında bildirilir.
NOC-nin məlumatına görə, Neft Obyektlərinin Mühafizəsi Xidmətinin bir qrup əməkdaşı Əl-Həmada - Əz-Zaviyə əsas neft xəttindəki siyirtməni qanunsuz şəkildə bağlayıb. Bu hərəkətlər təzyiqin kəskin artmasına səbəb olub və nəticədə Əl-Həmada və Ət-Təhara yataqlarında hasilat və istehsal əməliyyatları tamamilə dayandırılıb.
“Əgər siyirtmə bağlı qalarsa və ya digər yataqlarda da hasilatın oxşar şəkildə məcburi dayandırılması baş verərsə, NOC fors-major rejimi elan etməyə məcbur qala bilər”, - deyə bəyanatda qeyd olunub.
Korporasiya, həmçinin “Nafusa” şirkətinə məxsus Şimali Həmada yatağını bağlamaqla bağlı etirazçılardan təhdidlər aldığını açıqlayıb.
Aysel Mətləb