Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçildi

Dünya

02.06.2025 18:53

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbokun bu qurumun 80-ci sessiyasına prezident təyin olunmasını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Berbok bu vəzifəyə yeganə namizəd olub.

Almaniya hökumətinin onu 2025–2026-cı illər üçün Baş Assambleyanın sədri postuna namizəd göstərmək planı ilk dəfə 18 martda açıqlanıb. Halbuki daha əvvəl Almaniyanın Xarici İşlər Nazirliyi bu vəzifəyə ATƏT-in keçmiş Baş katibi və peşəkar diplomat Helqa Şmidin namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan etmişdi.

Daha sonra Almaniyanın “Spiegel” jurnalı yazıb ki, Berbokun təyinatı ölkənin Xarici İşlər Nazirliyində narazılıq yaradıb. Diplomatlar ehtiyat edirlər ki, Berbokun həm açıq antirusiya, həm də güclü İsrail tərəfdarı ritorikası, xüsusilə də Qlobal Cənub ölkələrinin səsini Almaniyanın əleyhinə çevirə bilər. Onların fikrincə, bu addım Almaniyanın BMT Təhlükəsizlik Şurasına seçilmək səylərinə mənfi təsir göstərə bilər.

Qeyd edək ki, BMT Baş Assambleyasının 80-ci sessiyası 2025-ci ilin sentyabrında işə başlayacaq.

Töhfə Səməd

tag: Almaniya,Annalena Berbok,XİN,BMT,Prezident,todaypress.tv,