Bayden dövründə baş verən hadisələr araşdırılır: Ağ Evdən kokain tapıldı, məlumatlar sızdırıldı
Dünya
27.05.2025 11:14
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Cozef Bayden administrasiyası dövründə baş verən iki yüksək profilli hadisə üzrə istintaqı gücləndirməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə FBI-ın direktor müavini Den Bonjino sosial şəbəkə platforması "X"də məlumat verib.
Söhbət 2023-cü ildə Ağ Evdə kokain tapılması və Ali Məhkəmənin abort hüquqlarını ləğv edən Dobbs Cekson işi üzrə qətnamə layihəsinin 2022-ci ildə mətbuata sızdırılması hadisələrindən gedir.
Mühafizəkarlar hər iki hadisəyə sərt reaksiya veriblər. Həmin dövrdə “MAGA” tərəfdarı podkast aparıcısı olan Bonjino 2023-cü ildə Ağ Evdə aşkar edilən kokainlə bağlı suallar qaldırmışdı.
Bonjino əlavə edib ki, FBI həmçinin 6 yanvar hadisələrindən bir gün öncə Demokrat və Respublikaçı partiyalarının Vaşinqtondakı baş qərargahları yaxınlığında yerləşdirilmiş, lakin partlamamış boru tipli bombalarla bağlı istintaqı da yenidən canlandırıb.
Bonjino bildirib ki, andiçmədən dərhal sonra o və FBI direktoru Kaş Patel ictimai korrupsiya ilə bağlı bir sıra diqqətçəkən işləri nəzərdən keçirərək onların istintaqına əlavə resurslar ayırmaq və ya yenidən açmaq qərarı veriblər.
2023-cü ilin iyul ayında Ağ Evdə aşkar edilən kokainlə bağlı ABŞ Gizli Xidməti istintaqı sübut çatışmazlığı səbəbindən dayandırmışdı. Maddə Qərb İcraçı prospektinin girişindəki lobbi sahəsində tapılmışdı.
2023-cü ilin yanvarında Ali Məhkəmə sızdırılmış sənədin kim tərəfindən mətbuata ötürüldüyünü müəyyən edə bilmədiyini açıqlamışdı. Həmin vaxt Donald Tramp məsul jurnalistlərin həbsini tələb etmişdi.
2024-cü ilin yanvarında FBI partlamamış boru bombaları ilə bağlı yeni görüntülər və əlavə məlumatlar yaymışdı. Lakin 600-dən çox ipucu və 1,000-dən artıq müsahibəyə baxmayaraq hadisə hələ də açılmayıb.
Bonjino bildirib ki, “irəliləyiş var” və ictimaiyyəti bu işlərlə bağlı məlumatı olan şəxsləri FBI ilə əlaqə saxlamağa çağırıb.
Töhfə Səməd
tag: ABŞ ,FBI,Bayden ,Ağ Ev,Kokain,todaypress.tv,