Məşhur reper həbsxanada ölümlə üzləşdi
Dünya
24.10.2025 21:50
Məşhur amerikalı reper və prodüser Şon Kombs (P. Diddy) Nyu-Yorkdakı istintaq təcridxanasında bıçaqlı hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, hadisə barədə reperin yaxın dostu Karluççi Finni “Daily Mail”ə danışıb. Onun sözlərinə görə, Kombs yuxudan oyanarkən boğazında bıçaq gördüyünü bildirib:
“Şon yuxudan ayılanda boğazında bıçaq vardı. Hadisənin dəqiq necə baş verdiyini bilmirəm – o, hücum edənə müqavimət göstərə bildimi, yoxsa mühafizəçilər vaxtında çatdı, – amma baş verənlərin real olduğuna əminəm”, – deyə Finni bildirib.
O, həmçinin qeyd edib ki, əgər hücum edən şəxs həqiqətən zərər vermək niyyətində olsaydı, bunu çox asanlıqla edə bilərdi. Buna görə də Finni hadisəni “xəbərdarlıq xarakterli mesaj” kimi dəyərləndirib.
Xatırladaq ki, Şon Kombs ötən ilin sentyabrında zorakılıq və insan alveri ilə bağlı irəli sürülən ittihamlar əsasında həbs olunmuşdu. İstintaq sənədlərində onun qonaqlara qadağan edilmiş maddələr payladığı və əyləncə gecələrində insanları cinsi münasibətlərə məcbur etdiyi bildirilirdi.
2024-cü ilin fevralında reperin vəkili Entoni Rikko müdafiə prosesindən çəkilib. Bu ilin iyulunda məhkəmə Kombsu təqsirli sayaraq 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Daha sonra ABŞ Prezidenti Donald Tramp reperin əfv üçün müraciət etdiyini açıqlayıb. Tramp məsələni araşdırmağa hazır olduğunu, lakin hələlik yekun qərar vermədiyini bildirib.
tag: Reper,Şon Kombs ,Nyu-York, Kombs, todaypress.tv,
