Avropa ölkələri Ukraynaya minlərlə əsgər göndərəcək

Dünya

31.12.2025 15:54

"Könüllülər koalisiyası"nın hərbi komponentində iştirak etməyə razı olan Avropa ölkələri müharibənin bitməsindən sonrakı ilk altı ay ərzində Ukraynaya 15 minə qədər əsgər göndərə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Welt” nəşri məlumat yayıb.

Bildirilib ki, Avropa ölkələri Kiyev ilə Moskva arasında atəşkəsi izləmək üçün Ukraynaya hərbi kontingent göndərməklə "könüllülərin koalisiyasında" iştirak etməyə hazırdırlar.

Məlumata görə, xüsusilə Fransa və Böyük Britaniya atəşkəsin monitorinqi üçün quru qoşunlarından istifadə də daxil olmaqla, Ukrayna üçün müvafiq təhlükəsizlik zəmanətləri verməyə hazır olduqlarını qeyd ediblər.

Koalisiya üzvü olan dövlətlərin götürdüyü öhdəliklərdən asılı olaraq, müharibədən sonrakı ilk altı ay ərzində Ukraynaya 15 minə qədər əsgər göndərilə bilər.

Mənbələr bildirir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin necə görünə biləcəyinə dair planlar artıq dəqiqləşdirilib. Bu planlar əsasən Britaniya və Fransa silahlı qüvvələrinin hərbi mütəxəssisləri tərəfindən Brüssel ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Həmçinin bildirilib ki, Fransa və Böyük Britaniya BMT və ya Avropa Birliyinin mandatı olmadan belə atəşkəsin monitorinqində iştirak etməyə hazırdırlar.

Nəşr əlavə edib ki, Ukrayna ilə qonşu ölkələrin atəşkəsi havadan və dənizdən izləməsi gözlənilir.

Türkiyənin də atəşkəsin monitorinqi planlarında rolu nəzərdə tutulur. Bildirilib ki, Ankara Qara dəniz bölgəsinə nəzarət edə bilər.

Aysel Mətləb

TodayPress TV 

tag: Ukrayna,Avropa,Fransa,Britaniya,Todaypress.tv,