Aralıq dənizi pəhrizi qaraciyər xəstəliklərinə qarşı effektiv çıxdı
Dünya
01.07.2025 18:45
Dünyada hər üç nəfərdən birinə təsir edən metabolik steatozlu qaraciyər xəstəliyi (MASLD) riskini azaltmaq üçün Aralıq dənizi pəhrizi təsirli strategiya ola bilər.
TodayPress TV xəbər verir ki, bu qənaətə İspaniyanın Rovira və Virxili Universitetinin alimləri gəliblər.
Onlar 926 nəfərin iştirak etdiyi 13 elmi araşdırmanın nəticələrini təhlil edərək “Nutrients” jurnalında dərc ediblər.
MASLD qaraciyərdə piy yığılması nəticəsində yaranır və bu proses adətən 2-ci tip şəkərli diabet, piylənmə və xroniki iltihablarla sıx bağlı olur. Tədqiqatda tərəvəz, balıq, tam taxıllı məhsullar və zeytun yağından ibarət Aralıq dənizi pəhrizi ilə qidalanan şəxslərdə:
• Xəstəliyin əlamətləri azalıb
• Qanda şəkər səviyyəsinə nəzarət yaxşılaşıb
• İltihab göstəricilərində əhəmiyyətli enmə qeydə alınıb
Bundan başqa, tədqiqatçılar intervallı aclıq rejiminin də müsbət təsir göstərdiyini bildiriblər. Lakin alimlər qeyd edirlər ki, qaraciyər funksiyasına uzunmüddətli təsiri və optimal pəhriz protokollarının müəyyən olunması üçün daha genişmiqyaslı araşdırmalara ehtiyac var.
MASLD çoxfaktorlu bir xəstəlik olaraq qidalanma ilə birbaşa əlaqəlidir və bu tədqiqat onun qarşısının alınmasında və idarə olunmasında pəhriz əsaslı yanaşmaların perspektivini artırır.
Qiymət Mahir
tag: Aralıq dənizi pəhrizi,Tədqiqat,Balıq,Taxıl,Todaypress.tv,