Almanların əksəriyyəti Mertsdən narazıdır
Dünya
10.08.2025 15:00
Almaniyada əhalinin 60 faizi Xristian Demokrat/Xristian Sosialist İttifaqı (XDS/XSS) və Sosial Demokrat Partiyasının (SDP) yaratdığı koalisiya hökumətindən, eləcə də kansler Fridrix Mertsdən narazıdır.
TodayPress TV xəbər verir ki, “Bild am Sonntag” qəzetinin sifarişi ilə INSA institutu 7–8 avqust tarixlərində 1004 nəfər arasında keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin yalnız 27 faizi kabinetin fəaliyyətindən razıdır.
Mertsə dəstək göstəricisi isə daha aşağıdır — 30 faiz, narazılıq isə 59 faizdir. Müqayisə üçün, sabiq kansler Olaf Şoltsun hakimiyyətinin ilk 100 günündə onun fəaliyyətini 43 faiz dəstəkləyirdi.
Sorğuda iştirak edənlərin 26 faizi Mertsin Şoltsdan bir qədər yaxşı işlədiyini, 41 faizi fərq görmədiyini, 27 faizi isə onun fəaliyyətini daha pis qiymətləndirdiyini bildirib. Respondentlərin 28 faizi hazırkı koalisiyanı əvvəlki hökumətdən (SDP/“Yaşıllar”/Azad Demokratlar) daha effektiv sayır, 24 faiz isə əksini düşünür.
Qiymət Mahir
tag: Almaniya,Fridrix Merts,XDS/XSS, Olaf Şolts,Todaypress.tv,