AK Rusiyanın iqtisadi artım proqnozunu aşağı saldı

Dünya

19.05.2025 15:24

6

Avropa Komissiyası (AK) Rusiyanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,1 faiz bəndi azaldıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat qurumun yayımladığı yaz hesabatında öz əksini tapıb.

Əvvəlki proqnoz Rusiyada ümumi daxili məhsulun (ÜDM) bu il 1,8 faiz artacağını nəzərdə tuturdu. Yenilənmiş proqnoza görə isə artım 1,7 faiz olacaq. 2026-cı ilə dair gözləntilər də aşağı yönlü yenilənib: əvvəlki 1,6 faizlik artım proqnozu 1,2 faizə endirilib.

AK-nin hesablamalarına görə, bu azalmalara qlobal iqtisadi mənzərədəki gərginlik, xüsusilə ABŞ və Çin arasında dərinləşən ticarət müharibələri təsir edir. Bu isə dünya üzrə enerji daşıyıcılarına tələbatın azalmasına və Rusiyanın ixrac-import göstəricilərində geriləməyə səbəb ola bilər.

Qurumun hesabatında həmçinin bildirilir ki, 2025-ci ildən etibarən Rusiyada inflyasiya tədricən azalacaq və orta illik göstərici 9,5 faiz təşkil edəcək. 2026-cı ildə bu rəqəmin 5,8 faizə qədər enəcəyi proqnozlaşdırılır. Lakin ölkənin Mərkəzi Bankı tərəfindən müəyyən edilən 4 faizlik inflyasiya hədəfinə ən tez 2027-ci ildə çatılacağı gözlənilir.

Rusiya Mərkəzi Bankı hesab edir ki, inflyasiyanın cilovlanması üçün sərt monetar siyasət uzun müddət davam etdirilməlidir. Hazırda əsas faiz dərəcəsi 2024-cü ilin oktyabrından etibarən rekord səviyyədə - 21 faizdə saxlanılır.

Töhfə Səməd

tag: Avropa Komissiyası, Rusiya,Artım,Azalma,todaypress.tv,