ABŞ və Çin “tarif silahını” yerə qoyur? - 30 milyard dollarlıq PLAN
ABŞ və Çin bir sıra mallara, o cümlədən Amerika enerji resurslarına və kənd təsərrüfatı məhsullarına tətbiq olunan gömrük rüsumlarının azaldılmasını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlar hər iki tərəfin rüsumları azaltmasını nəzərdə tutan və ümumi dəyəri təxminən 30 milyard dollar olan plan çərçivəsində razılaşma ilə nəticələnə bilər. Saziş Çin resurslarına tətbiq olunan rüsumların da azaldılmasını, Çindən gətirilən bəzi məhsullara isə ən əlverişli rejim dərəcələrinin tətbiq edilməsini nəzərdə tuta bilər.
Nəşr yazır ki, belə bir razılaşmanın əldə olunması tərəflərin ötən ilin oktyabrında razılaşdıqları “tarif atəşkəsi”nin qorunması üçün kifayət qədər əməkdaşlıq etdiklərinə dair siqnal olardı. Bundan əlavə, saziş Vaşinqton və Pekinin süni intellekt, ixrac nəzarəti və Tayvanın statusu ilə bağlı artan fikir ayrılıqlarına baxmayaraq əlaqələri davam etdirə biləcəyini nümayiş etdirə bilər.
Mümkün razılaşma ilə əlaqədar gələn həftə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə birlikdə Çinin ən böyük kənd təsərrüfatı məhsulları emalçısı olan "China Oil and Foodstuffs Corporation" (COFCO) şirkətinin nümayəndələri də ABŞ-yə səfər edə bilərlər.
Aysel Mətləb