ABŞ və Aİ arasında əməkdaşlıq dayandı
Avropa İttifaqı (Aİ) və ABŞ arasında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların pozulmasına qarşı birgə mübarizə üzrə danışıqlar uğursuzluğa düçar olub və artıq koordinasiyalı fəaliyyət həyata keçirilmir.
TodayPress TV xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına istinadla məlumat yayıb.
Sənəddə bildirilib ki, məsələ 20 mayda Brüsseldə keçirilmiş Aİ Xarici İşlər Şurasının iclasında müzakirə olunub. Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid Okallivan orada çıxış edərək transatlantik koordinasiyanın tam şəkildə dayandığını bildirib. Onun sözlərinə görə, Vaşinqtonla birgə fəaliyyət rəsmi olaraq artıq aparılmır və G7 çərçivəsində əməkdaşlıq da “tempini itirib”.
Nəşr qeyd edib ki, bu vəziyyət Aİ və ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində razılığa gələ bilməsi ilə bağlı ciddi suallar doğurur. Ekspertlər bunun qlobal sanksiya rejiminin sonunun başlanğıcı ola biləcəyini istisna etmir.
Almaniya XİN-in hesabatında Aİ-nin qiymətləndirməsinə əsasən, sanksiyaların əsasən Çin və Honqkonq üzərindən pozulduğu qeyd olunub. Okallivanın sözlərinə görə, sanksiyalardan yayınma hallarının təxminən 80%-i məhz Çin vasitəsilə həyata keçirilir.
Qiymət Mahir
tag: ABŞ ,Almaniya ,Aİ,Rusiya,todaypress.tv,