ABŞ Rusiya vətəndaşlarına qarşı şəxsi sanksiyaları tədricən aradan qaldırır
Dünya
31.12.2025 11:35
ABŞ sanksiya siyahısını yeniləyərək, Rusiyanın ən böyük bankının keçmiş yüksək vəzifəli rəhbərini siyahıdan çıxarıb.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Vaşinqton Rusiya vətəndaşlarına qarşı tətbiq edilmiş fərdi sanksiyaların bir hissəsini mərhələli şəkildə aradan qaldırır.
Yenilənmiş siyahıdan daha əvvəl sanksiyaya məruz qalan Rusiyanın ən böyük banklarından biri olan “Sberbank”ın keçmiş yüksəkvəzifəli rəhbəri Aleksandra Burikonun adı çıxarılıb. Məlumata görə, Buriko “Sberbank”ın idarə heyəti sədrinin müavini və baş vitse-prezidenti vəzifəsində çalışıb. ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında dərc olunan yenilənmiş siyahıda artıq onun adı yer almır.
Qeyd edək ki, Aleksandra Buriko 2022-ci ilin may ayında Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə “Sberbank”ın səkkiz yüksəkvəzifəli əməkdaşını “qara siyahı”ya daxil etməsi zamanı sanksiyalara məruz qalmışdı. ABŞ Maliyyə Nazirliyi həmin dövrdə bu tədbirlərin bankın hərbi fəaliyyətlərə maliyyə dəstəyini məhdudlaşdırmaq məqsədi daşıdığını bildirmişdi.
Məlumata görə, Aleksandra Burikonun sanksiya siyahısından çıxarılması “Sberbank”ın özünə qarşı tətbiq edilən məhdudiyyətlərin statusuna təsir göstərmir. Bank 2022-ci ilin aprelindən etibarən ABŞ-nin bloklayıcı sanksiyaları altındadır və bu sanksiyalar ABŞ ərazisində aktivlərin dondurulmasını və Amerika şirkətləri və vətəndaşları ilə biznes əməliyyatlarının qadağan edilməsini əhatə edir.
Aysel Mətləb
tag: ABŞ ,Rusiya,Sanksiya,Sberbank,Todaypress.tv,
