ABŞ İsraildə mülki-hərbi koordinasiya mərkəzi yaradacaq
Dünya
10.10.2025 10:19
Mərkəzi Komandanlıq (CENTCOM) İsraildə “mülki-hərbi koordinasiya mərkəzi” yaradacaq.
TodayPress TV "Haber Global" a istinadən xəbər verir ki, bunu ABŞ rəsmiləri deyib.
Mərkəz humanitar yardımın çatdırılması, maddi-texniki və təhlükəsizlik dəstəyinin təşkili ilə məşğul olacaq.
Məlumata görə, ABŞ Qəzzada atəşkəs razılaşmasının icrasını izləmək və dəstəkləmək üçün tərəfdaş ölkələr və qeyri-hökumət təşkilatlarının daxil olduğu komandanın tərkibinə 200-ə yaxın hərbçi göndərəcək.
Rəsmilər vurğulayıb ki, ABŞ əsgərləri Qəzzaya daxil olmayacaq. Onların bir hissəsi artıq bölgəyə gəlib və mərkəzin yaradılması istiqamətində işlərə başlayıb.
Xatırladaq ki, Tramp İsrail və HƏMAS arasında Qəzzada atəşkəs planının birinci mərhələsinin təsdiqləndiyini açıqlayıb. HƏMAS da razılaşmanı təsdiqləyərək Türkiyə, Qətər, Misir və ABŞ-nin səylərini yüksək qiymətləndirib.
İsrailin Baş naziri Benyamin Netanyahu isə atəşkəs razılaşmasından sonra kabinet iclası keçirəcəyini və israilli məhbusların geri qaytarılması üçün sənədi təsdiqləyəcəyini bildirib.
Jalə Rövşən
tag: İsrail və HƏMAS,Donald Tramp,Mərkəzi Komandanlıq,“mülki-hərbi koordinasiya mərkəzi” ,Todaypress.tv,
