Ərdoğan: "6 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb"
Dünya
04.07.2025 15:09
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə iqlim dəyişikliyinin əsas mövzu kimi müəyyən edilməsini son dərəcə yerində addım adlandırıb.
TodayPress TV xəbər verir, bu barərə o, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə 2053-cü il üçün müəyyən etdiyi “xalis sıfır emissiya” və “yaşıl inkişaf” hədəfləri çərçivəsində əsas sektorlarda çevik dönüşüm prosesinə başlayıb:
“Xüsusilə enerji sahəsində yenilikçi təşəbbüslərimiz nəticəsində bərpa olunan enerjinin ümumi qurulu gücdəki payını 59 faizə yüksəltdik. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci sıradayıq”.
Prezident həmçinin həyat yoldaşı Əminə Ərdoğanın himayəsi altında qlobal səviyyəyə çıxarılan “Sıfır Tullantı” layihəsinin Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə əlavə güc qatdığını vurğulayıb:
“Layihənin başlanmasından bu yana təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb”.
Ərdoğan çıxışının sonunda bildirib ki, əgər Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi etməsi rəsmən təsdiqlənsə, ölkəsi ədalətli və əhatəli yanaşmanı əsas prinsip kimi qəbul edəcək:
“Türkiyə bu sahədə topladığı təcrübəni və uğurlu tətbiq nümunələrini təşkilatla bölüşməyə tam hazırdır”.
Qiymət Mahir
tag: Türkiyə ,Rəcəb Tayyib Ərdoğan,İqlim,Zirvə,Todaypress.tv,