ABŞ İranın üç nüvə obyektinə zərbə endirdi: Arxasında hansı məqsədlər dayanır?
Dünya
24.06.2025 18:30
ABŞ Prezidenti Donald Tramp 22 iyun gecəsi verdiyi açıqlamada, İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə uğurlu hava zərbələri endirildiyini bəyan edib. Daha sonra o, obyektlərin tamamilə məhv edildiyini və bunun “təsirli hərbi uğur” olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" araşdırma yazısı yayımlayıb.
1. Gizli məqsədlər: ABŞ hücumunun arxasında nə dayanır?
Hazırkı qarşıdurma yalnız hərbi və ya taktiki məqsədlərlə izah olunmur. Mütəxəssislərə görə, Vaşinqtonun bu addımı daha geniş geosiyasi və geoiqtisadi strategiyaların tərkib hissəsidir. Hücumun əsas məqsədləri aşağıdakılardır:
2. Çinlə enerji əməkdaşlığının qarşısını almaq
İran, Çinin sənaye kompleksinə enerji tədarükündə əsas tərəfdaşlardan biridir. Vaşinqton isə bu əlaqəni kəsməklə Pekini zəiflətməyə çalışır. Bundan əlavə, Şimal-Cənub nəqliyyat dəhlizinin və ümumilikdə Avrasiya inteqrasiyasının əsas dayaqlarından olan Rusiya da bu zərbələrdən dolayı yolla hədəfə alınır. ABŞ-nin məqsədi Avropaya sıxılmış qaz tədarükünü artırmaq və qlobal enerji bazarına nəzarəti əlində saxlamaqdır.
3. İranın regionda müstəqil güc kimi neytrallaşdırılması
ABŞ və onun müttəfiqləri, xüsusən də İsrail, İranın müstəqil hərbi-texniki potensiala, xüsusən də nüvə arsenalına sahib olmasını istəmir. Maraqlıdır ki, İsrailin özü rəsmi olaraq nüvə silahına malik olduğunu etiraf etməsə də, həmin silahların olduğu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. ABŞ-nin "F-35" qırıcıları və "B-52" termonüvə bombaları ilə silahlandırdığı İsrail İran üçün birbaşa təhdid sayılır.
4. Zərbələrin mahiyyəti: Pandoranın qutusu açılırmı?
Zərbələr əsasən yeraltı, dərinləşdirilmiş obyektlərə – nüvə proqramı ilə əlaqəli qurğulara, raket anbarlarına, komanda mərkəzlərinə və müdafiə sənayesi kompleksinə yönəlib. Bu, dünyada nüvə materiallarına dair BMT və AEBA-nın qəbul etdiyi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
Ekspertlər bildirirlər ki, belə bir hücum Yaxın Şərqdə radioaktiv çirklənməyə səbəb ola və milyonlarla mülki insanı təhlükə altına sala bilər. Bu isə bölgədə nəzarətsiz eskalasiyaya yol açacaq.
5. “İran məsələsinin” qəti “həlli” planı: Suriyanın taleyi təkrarlanır?
Ekspertlərə görə, bu hücum ABŞ-nin Suriyada həyata keçirdiyi rejim dəyişikliyi ssenarisinin Tehrana tətbiqi planının bir hissəsidir. Vaşinqtonun əsas məqsədi İran hakimiyyətini zəiflətmək, rejim dəyişikliyi üçün zəmin yaratmaq və regionu tam nəzarətə almaqdır. Bu strategiya artıq Qərb siyasətçiləri və analitiklər tərəfindən açıq şəkildə dilə gətirilir.
6. Silah sənayesi və hərbi infrastruktur amili
ABŞ-nin bu siyasətinin arxasında həm də öz müdafiə-sənaye kompleksinin maraqları dayanır. Vaşinqton bu proseslər fonunda:
İsrail və digər müttəfiqlərini silahlandırır,
Yeni silah müqavilələri imzalayır,
Müdafiə infrastrukturu qurur (məsələn, "Dark Eagle" və "Typhon" kimi hipersəs raket sistemlərinin yerləşdirilməsi),
Regionda çoxdomenli əməliyyat qrupları yerləşdirir.
Bu, eyni zamanda Rusiyanın cənub flaqmanında hücum imkanlarını artırmaqla ABŞ-nin “qlobal zərbə konsepsiyasını” gücləndirməyə xidmət edir.
7. Zərbələrin planlı hazırlanması və Pentaqonun strategiyası
İsrailin təşəbbüsü ilə başlayan hücumlar əvvəlcədən hesablanmış və Pentaqon tərəfindən planlaşdırılmış addımların tərkib hissəsi kimi qiymətləndirilir. ABŞ əvvəlcə İsrailin vurduğu zərbələrlə İranı təzyiq altına alıb, daha sonra isə öz yüksək dəqiqlikli silahları ilə birbaşa hücuma keçib.
ABŞ mart ayında Hind okeanındakı Dieqo Qarsiya bazasına 7 ədəd "B-2" strateji bombardmançı təyyarə yerləşdirib. Bu hücumun logistikası əvvəlcədən hazırlanmışdı. Hazırda bölgədə təxminən 40-a yaxın ABŞ hərbi bazası fəaliyyət göstərir və bunlar həm hava, həm də dəniz gücləri ilə İrana qarşı hibrid müharibə imkanları yaradır.
8. Nəticə
Hazırda baş verənlər İran-İsrail münaqişəsindən çıxaraq daha genişmiqyaslı – ABŞ, Çin, Rusiya və Yaxın Şərqi əhatə edən geopolitik qarşıdurmaya çevrilməkdədir. Vaşinqtonun strateji hədəfləri bir tərəfdən İranın nüvə ambisiyalarını dayandırmaq, digər tərəfdən isə qlobal enerji bazarına nəzarət və regional siyasi domino effekti yaratmaqdır.
Bu isə Yaxın Şərqdə yeni, daha təhlükəli bir mərhələnin başlandığını göstərir.
Töhfə Səməd
tag: ABŞ , Donald Tramp,İran,İsrail,Todaypress.tv,