Ukraynanın yeni müdafiə naziri kimdir? - DOSYE
Dünya
17.07.2025 18:15
Ukrayna parlamenti iyulun 17-də keçmiş Baş nazir Denis Şmıqalın ölkənin müdafiə naziri təyin olunmasını təsdiqləyib. Onun namizədliyi prezident Volodimir Zelenski tərəfindən irəli sürülmüşdü.
TodayPress TV xəbər verir ki, Şmıqalın müdafiə naziri vəzifəsinə təyin olunması qərarını 267 deputat dəstəkləyib.
Qanunvericiliyə görə, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri prezidentin təqdimatı əsasında parlament tərəfindən təsdiqlənir.
Zelenski bu təqdimatı hökumətdəki yenilənmə fonunda və Şmıqalın Baş nazir vəzifəsindən istefasından sonra parlamentə təqdim edib. Prezident əvvəllər də bəyan etmişdi ki, Şmıqalın böyük idarəçilik və iqtisadi təcrübəsi müdafiə sahəsində də faydalı olacaq.
Zelenskinin sözlərinə görə, yeni nazir qarşısında qoyulan əsas vəzifələrdən biri ölkədə istehsal olunan silahların payını artırmaqdır. Hazırda cəbhədə istifadə olunan silahların 40%-i Ukrayna istehsalıdır və bu göstərici yeni hökumətin ilk 6 ayı ərzində 50%-ə çatdırılmalıdır.
Prezident, həmçinin, Müdafiə Nazirliyinin bundan sonra strateji sənaye sahələrinə rəhbərlik edəcəyini də bildirib. Sabiq strateji sənaye naziri German Smetanin isə yenidən “Ukroboronprom”un başına qayıdacaq.
Denis Şmıqal kimdir?
50 yaşlı Şmıqal Lvov şəhərində anadan olub. Lvov Politexnik Universitetində istehsalat menecmenti üzrə təhsil alıb, iqtisadiyyat üzrə namizədlik dərəcəsinə malikdir.
1990-cı illərdən etibarən maliyyə və rəhbərlik sahələrində fəaliyyət göstərib. 2015–2017-ci illərdə “Lvovxolod”, DTEK “Zapadenerqo” və Burştın İES-də rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İvano-Frankovsk vilayətinin qubernatoru təyin olunub. Daha sonra vitse-premyer və icmaların inkişafı naziri vəzifəsində çalışıb. 4 mart 2020-ci ildən 2025-ci ilin iyuluna qədər baş nazir olub. O, müstəqil Ukrayna tarixində bu postda ən uzun müddət qalan şəxs sayılır. Onun vəzifə dönəmi pandemiya və Rusiya ilə müharibə dövrünə təsadüf edib.
Qiymət Mahir
tag: Denis Şmıqal,Ukrayna ,Volodimir Zelenski,Prezident ,Todaypress.tv,