ABŞ İran-Venesuela silah ticarəti iddiaları ilə bağlı sanksiyalar tətbiq etdi

Dünya

31.12.2025 11:20

ABŞ administrasiyası İranın Venesuelaya silah tədarük etdiyi iddiası ilə yeni sanksiyalar elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ Dövlət Departamenti və ABŞ Xəzinədarlıq Departamenti İran və Venesuelada yerləşən 10 qurum və fiziki şəxsə qarşı sanksiya tətbiq edildiyini açıqlayıb. Məlumata görə, sanksiyaya məruz qalan Venesuela şirkətlərindən biri İran istehsalı olan döyüş məqsədli pilotsuz uçuş aparatlarının (PUA) milyonlarla dollar dəyərində satışında iştirak edib. Digər qurum və şəxslərin isə İranın PUA və ballistik raket proqramları ilə əlaqəli satınalma şəbəkələrinə dəstək verdiyi iddia olunur. 

ABŞ Dövlət Departamentinin baş sözçüsünün müavini Tommi Piqott vurğulayıb ki, bu faktlar İranın döyüş PUA-larını fəal şəkildə yaydığını və BMT məhdudiyyətlərini pozaraq raket texnologiyaları əldə etməyə davam etdiyini göstərir.

Xəzinədarlıq Departamenti İranın PUA və raket proqramlarının Yaxın Şərqdə ABŞ və müttəfiq qüvvələr üçün təhlükə yaratdığını və Qırmızı dənizdə kommersiya daşımalarını pozduğunu da bildirib.

Qeyd edək ki, sanksiyalar ABŞ Prezidenti Donald Trampın Floridada İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən bir gün sonra elan olunub. Həmin görüşdə Tramp, İran ballistik raket proqramını bərpa etməyə cəhd edərsə, ABŞ-nin yeni zərbələri dəstəkləyəcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV 

tag: ABŞ,İran,Venesuela,Silah,Sanksiya,Todaypress.tv,