ABŞ-də Epsteyn işi üzrə prokuror işdən çıxarıldı
Dünya
17.07.2025 09:31
ABŞ Ədliyyə Nazirliyi son on ilə yaxın müddətdə federal prokuror vəzifəsində çalışmış Mauren Komeyini vəzifəsindən azad edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Mauren Komey məşhur iş adamı Cefri Epsteynin seksual cinayət işi üzrə aparılan istintaqda prokuror qismində çıxış edib. O, həm Epsteynin, həm də onun əməkdaşı Qileyn Maksvelin əleyhinə ittiham irəli sürmüşdü.
Komeyinin işdən çıxarılmasının səbəbi ictimaiyyətə açıqlanmayıb. Nə özü, nə də Ədliyyə Nazirliyi məsələ ilə bağlı hər hansı şərh verib. O, Manhettendəki prokurorluqda çalışırdı və son zamanlar tanınmış musiqiçi Şon “Diddy” Combsun işi üzrə prokuror qrupunun üzvü idi.
Onun işdən çıxarılması, ölkə prezidenti Donald Tramp və ədliyyə naziri Pam Bondinin Epsteynlə bağlı sənədləri gizli saxlamaq cəhdlərinə görə tənqidlərə məruz qaldığı dövrə təsadüf edir.
Qeyd edək ki, Mauren Comeyi sabiq FTB rəhbəri Ceyms Comeyinin qızıdır.
Tramp onu da 2017-ci ildə gözlənilmədən vəzifədən azad etmişdi.
Töhfə Səməd
tag: ABŞ ,Ədliyyə Nazirliyi,Mauren Komeyi,Cefri Epsteyn,Todaypress.tv,