31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ
İraqda silah dövriyyəsinə nəzarət gücləndirilir. Ölkə üzrə təxminən 6 milyon silahın vahid məlumat bazasında qeydiyyata alınması planlaşdırılır.
TodayPress TV xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin əlaqələr və media idarəsinin rəhbəri Miqdad Miri bildirib ki, indiyədək 500 mindən çox silah qeydiyyata alınıb, 160 mindən çox silah saxlama və gəzdirmə lisenziyası verilib.
Həmçinin Haşdi-Şəbi ilə əlaqəsi olduğunu iddia edən 71 saxta mərkəz və 119 silah mağazası bağlanıb. Oğurlanmış 143 mindən çox silah izlənilir, özəl mühafizə şirkətlərindən isə 21 mindən çox silah müsadirə edilib.
Hakimiyyətin planına əsasən, qanunsuz silahların tam uçotu, nəzarətə götürülməsi və müsadirəsi prosesi 2030-cu ilə qədər başa çatdırılmalıdır.
Vətəndaşların silahlarını könüllü qeydiyyatdan keçirməsi üçün son tarix isə 31 dekabrdır. Bundan sonra qeydiyyatsız silah qanunsuz hesab ediləcək və sahibləri cinayət məsuliyyətinə cəlb oluna biləcəklər.
Kübra Musayeva