Əhməd Cavad burada olsaydı, Qələbə marşını özü oxuyardı

Əhməd Cavad burada olsaydı, Qələbə marşını özü oxuyardı
11.06.2026 15:18 Cəmiyyət

Repressiya qurbanları hər bir xalqın tarixində ağır və faciəli yer tutur. Sovetlər Birliyinin qurulmasının ilk illərində baş verən kütləvi insan qətlləri bolşevizmin ideya banilərinin bəşəri ideallarını ifşa edən ən böyük salnamədir. Azərbaycan müstəqillik qazandıqdan sonra tarixinin qanlı səhifələrinə hüquqi-siyasi qiymət verdi, lakin Ulu öndər Heydər Əliyevin hələ sovet illərində böyük Hüseyn Cavidi uzaq Sibirin adsız məzarlıqlarından xalqına və doğma torpağına qaytararaq, millətimizin keçmişi və gələcəyinə misilsiz töhfə verdi.  

TodayPress TV xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Zahid Oruc "Maqadan. Sonuncu dayanacaq" əsərinin təqdimat mərasimi zamanı deyib.

Təqdimatına toplaşdığımız "Maqadan. Sonuncu dayanacaq" əsərinin müəllifi Binnət Əsgər 100 il əvvələ qayıdaraq, qəlbindən, ruhundan və canından keçirdiyi əsərlə əbədi bir abidə yaradıb. Kitabın birinci səhifəsindən son sətirlərinə qədər xalqımızın özünə qaytarılan yaddaşıdır.

Azərbaycanlı yazıçı o dövrü müstəqillik və azadlıq ruhu ilə yaradıb, qardaş və bacılarının faciələrinə işıq salıb, kiçik torpaq sahəsini qurban verib ki, özü dediyi kimi qurbanların yolu ilə Uzaq Sibirin buzlu, qanlı, sümüklərdən ibarət düşərgələrinə yetə bilsin.  Binnət Əsgərin görüşdüyü və köklü sənədlərlə əks etdirdiyi hər bir azərbaycanlının xatirələri - repressiya dövründə həbs olunan ataların uşaqları, Kolımadan  xilas edilən nadir sağ qalan şahidlər o qanlı dövrün havasını bir daha duymaq və geri qayıtmamaq üçün  iradə divarı çəkiblər

Müəllif əsəri Maqadanın Sovet coğrafiyasının uzaq bir nöqtəsi kimi Azərbaycan tarixinin də qanlı xəritəsində olduğunu sübut edir. Bir əsr əvvəl insan ləyaqətinin qırmızı komissarlar və səhra komandirlərinin zorakılığı qarşısında necə tapdalanması rəngsiz və boyasız şəkildə, ağ - qara rənglərlə əksini tapır. Maqadan, Kolıma, uzaq Sibir - xəritədə XX yüz ilin ən böyük insan faciələrindən birinin - QULAQ sisteminin, kütləvi sürgünlərin, güllələnmələrin, hüquqsuzluğun simvoludur.

Sovet məcburi əmək düşərgələri sistemi 1919-cu ildən formalaşmağa başladı. 1930-cu ildən "QULAQ" adı ilə xüsusi idarəçilik sisteminə çevrildi. Dövlət terroru- NKVD kabusu hər yerdə dolaşdığı illərdə gənc imperiyanın qorxu mexanizmi  işləyirdi. 1940-cı ildə sistemin 53 düşərgə direktorluğu və 423 əmək koloniyası var idi. QULAQ insanları yalnız həbs etmirdi; o, adamların adını, peşəsini, ailəsini, xatirəsini, hətta məzar yerlərini belə əlindən alırdı.

Maqadan faciənin ən ağır ünvanlarından biri idi. Gələcək şəhərin daşını, yolunu, limanını, qiymətli metalları çıxaran, özləri isə kölə durumunda mədənləri tikənlər azad vətəndaşlar yox - günahsız məhkumlar, siyasi məhbuslar, "xalq düşməni" damğası vurulmuş insanlar qurdu. Totalitar rejim əvvəlcə dili dəyişir. Dünən qonşu olan adam sabah "xalq düşməni"nə çevrilir, müəllim "casus" adlandırılır, ailə başçısı naməlum istiqamətə aparılır və geri qayıtmır.

Sonra hüquq dəyişir. NKVD troykaları - üç nəfərlik xüsusi komissiyalar hakimsiz, prokurorsuz, vəkilsiz, məhkumun iştirakı olmadan, 20 dəqiqəyə ölüm hökmü çıxarırlar. Qazandığı Şota Rustaveli tərcümə mükafatından cəmi bir neçə ay sonra Əhməd Cavadın ölüm hökmü belə verildi. Mikayıl Müşfiqin isə 20 dəqiqəlik "məhkəməsi" gecə yarısı keçirildi – səhər dan yeri söküləndə o artıq yox idi.

Sonra isə insanı fiziki və mənəvi məhv edir. Sistem ölümdən sonra da bitmir - qurbanın adı silinir, kitabları toplama məntəqəsinə aparılır, şəkilləri fotolardan kəsilir, ailə üzvləri "xalq düşməni" damğası ilə ölkənin ucqar güşələrinə sürgün edilir.

Lakin xalq gizlində susmur, adamlar pıçıltı ilə, ədəbiyyat  isə qələmlə danışır. 

Aleksandr Soljenitsın "QULAQ Arxipelaqı"  ifşa hökmüdür. Varlam Şalamov isə sistemi içindən dağıdırdı. Hər iki əsər bir həqiqəti ortaya qoyur: tarix susanda, ədəbiyyat danışır. Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" kitabı da tarixi ideala və milli əqidəyə sadiq qalır - azərbaycanlı müəllif öz xalqının yaddaşını şəxsi fədakarlığı ilə yenidən bərpa edir. 

Təkcə 1936-cı il oktyabrın 1-dən 1938-ci il iyulun 1-dək Azərbaycan SSR-də 25 222 insan həbs edildi, onların 13 356 nəfəri azərbaycanlı oldu. Ailə üzvləri də nəzərə alındıqda, yalnız 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 mindən çox göstərilir.

Adlar Azərbaycanın kəsilmiş intellektual damarlarının siyahısıdır.

Əhməd Cavadın adı son 30 illik işğal dövründə milli səfərbərlikdə, uşaqlarımızın öyrəndiyi ilk müqəddəs sözdür, sonra ordumuzun silahıdır, Vətən və Qurtuluş savaşımızda birləşdirici ruhdur, Qələbəmizin paradıdır, hər gün səslənən müstəqillik marşıdır. Himnimizi oxuyanda uşaqlarından ayırılaraq Sibir əmək düşərgəsində 8 il cəzaya məhkum edilən həyat yoldaşı Şükriyyə xanımı və  müəllifinin taleyini xatırlamağa borcluyuq.

Mikayıl Müşfiq 30 yaşında güllələndi. 1937-ci il iyunun 4-də gecə yarısı evindən apardılar. 1938-ci il yanvarın 5-də 20 dəqiqəlik hərbi məhkəmə hökmü verildi - yanvarın 6-da isə hökmü icra olundu. 

Hüseyn Cavid - totalitarizmin ən qaranlıq dövründə sosialist təbliğatçısı olmaqdan imtina etdi. 1937-ci ildə "Sovet hakimiyyətini devirməyə hazırlaşan əksinqilabi qrupun qurucusu" kimi ittiham edildi. Sovet hökuməti onu Uzaq Şərqə - Maqadana sürgün etdi. O şair ki, Cənubi Azərbaycana nəğmə və "Ana" şeirini yazmışdı, "Şeyx Sənan"ı yaratmışdı - 1941-ci il dekabrın 5-də Sibirin donmuş torpaqlarında dünyasını dəyişdi.

Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb – repressiya qurbanlarının bir nəsildir. Bir fikir məktəbidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, teatrının, elminin bir qoludur. Hər biri bir gecədə "düşmən" elan edildi, güllələndi,  ya Sibirə göndərildi.

Ziya Bünyadovun "Qırmızı Terror" əsəri  KQB arxivləri əsasında repressiyaları ifşa edir. Murtuz Sadıxlının "Qan Yaddaşı" Naxçıvan kəndlərindən ailələrin kütləvi deportasiyasını təsvir edir. 

Və indi - Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" əsəri.

Kitabın Qərbi Azərbaycan adlı məkanda təqdim edilməsi bir simvoldur. Dövlətimiz kitabı Qayıdış proqramına, yaddaş layihələrinə daxil edə, məktəblərə, universitetlərə, muzey rəflərinə göndərə bilər. Kitabın müəllifi - öz evini satıb xalqının yaddaşını qaytarmağa gedən bir insan - şərəfli dövlət dəstəyinə layiqdir.

Avropa Şurasının, Praqa Bəyannaməsinin, Rafael Lemkin və digər institutların verdikləri hüquqi qətnamələrin hamısı siyasi mənfəət və sovetlərlə müharibənin bir hissəsidir. Onlara inanmayın və əsla xalqımızın yanında dayanmaq kimi qəbul etməyin.

Binnət Əsgərin əsəri yaddaşın unutqanlığa qarşı mübarizəsidir. Onun əsasında memorial qurmaq olar. Çünki unutqanlıq ikinci repressiyadır. 

Azərbaycan Respublikasında 1996-cı ildə "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanun qəbul edilib. Lakin indi ərazi bütövlüyü və tam suverenliyimizdən sonra həmin qanunu yeni tarixi mərhələnin tələbləri ilə gücləndirməliyik. Bəraət verməklə yanaşı, hər bir ailəyə arxiv həqiqətlərini çatdırmaq lazımdır. Əsərləri məktəblərə, universitetlərə, parlament müzakirələrinə qaytarmaq lazımdır.

Birinci: vahid Dövlət Reyestri. Azərbaycanda 1920-1953-cü illər arası repressiyalara məruz qalmış bütün şəxslərin vahid açıq Dövlət Reyestri yaradılması vacibdir. 

İkinci: arxivlər açılması vacibdir. Milli Arxiv İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, AMEA Tarix İnstitutu və Milli Məclisin müvafiq komitələrinin iştirakı ilə "Repressiya Arxivlərinin Açılması və Rəqəmsallaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilə bilər.  Məqsəd yalnız sənədləri qorumaq yox - xalqın yaddaşını bərpa etməkdir. 

Üçüncü: Təhsil Proqramı. Məktəb və universitet proqramlarında "Sovet siyasi repressiyaları və Azərbaycan" adlı ayrıca bölmə yaradıla bilər. Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" kitabı kimi əsərlər məktəb kitabxanalarına daxil edilməsi məqsədəuyğun olar. 

Dördüncü: İcma və Cəmiyyət. Repressiya qurbanlarının ailə üzvlərinin müəyyən icma və cəmiyyətlər yaratması üçün dəstək verilə bilər.

Beşinci: Yaddaş Məkanları. Bakıda və regionlarda repressiya qurbanlarının xatirə məkanları gücləndirilə bilər. Xüsusilə - Hüseyn Cavidin heykəlinin ətrafında  repressiya qurbanlarının memorial kompleksi qurula bilər. Lövhədə böyük ədiblə yanaşı, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli və digər şəhidlərin adları əbədiləşdirilməlidir.

Bundan başqa, azad edilmiş torpaqlarda - Qarabağda - repressiya qurbanlarının xatirəsinə ayrıca bir xatirə guşəsi yaradıla bilər. Çünki qurbanların ideallarından biri - Azərbaycanın bütövlüyü idi. Biz azadıq, müstəqilik.

Elmi seminarlar Türk Dövlətləri Təşkilatında repressiya qurbanı olmuş xalqların ortaq yaddaşı kimi keçirilə bilər.  

Maqadanın buzlu yollarında, Kolımanın qızıl mədənlərinin dərinliyində, Sibirin adsız məzarlıqlarında qalan insanların ruhu bizdən yalnız bir şey istəyir: adlarımızı unutmayın. 

İnanırıq ki, uzaq Sibirdə uyuyan azərbaycanlılar Vətən müharibəsi Qələbəmizi ruhən duyur, repressiyalardan və işgəncələrdən keçən azadlığımıza və bütövlüyümüzə görə əbədi dinclik tapırlar.

Əhməd Cavad bizimlə indiki salonda olsaydı, Qalibiyyət marşını özü oxuyardı.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər