Yollarda texnoloji işlər niyə aparılmır?
Cəmiyyət
05.11.2025 15:19
Binəqədi rayonunun Mir Cəlal küçəsində təxminən bir həftə əvvəl çəkilmiş yol çöküb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, problem aradan qaldırılacaq və yol yenidən bərpa olunacaq.
Bəs yeni çəkilən yolun çökməsinə nə səbəb olub? Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün yol iş necə aparılmalıdır?
Məsələ ilə bağlı memar Cahid Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, bu vəziyyət kommunikasiya xətlərindəki köhnə konstruksiyaların istismar müddətini başa vurması ilə əlaqədardır.
Onun sözlərinə görə, asfalt çəkiləndə əlaqədar qurumlar tabeçiliyində olan kommunikasiya xətlərində, xüsusən də baxış qapaqlarının yerləşdiyi nöqtələrdə möhkəmləndirici texnoloji işlər aparmırlar:
"Yeni asfalt layı əlavə edildikdə yük daha da artır, köhnə konstruksiyalar isə bu ağırlığa tab gətirə bilmir. Bəzi ərazilərdə bu baxış qapaqları və onların konstruksiyaları 30-50 il əvvəl quraşdırılıb və artıq istismar müddətini çoxdan başa vurub. Bu səbəbdən betonun içindəki armaturlar paslanır, əyilir və nəticədə çöküntü yaranır. Yaxşı ki, hələ bu hallarda ciddi qəza baş verməyib. Amma hər an baş verə bilər. Nəqliyyat vasitələrinin bu cür qeyri-sabit səth üzərindən keçməsi ciddi təhlükə yaradır".
Memarın fikrincə, vəziyyətin qarşısını almaq üçün əlaqədar qurumlar tərəfindən planlı monitorinqlər aparılmalı, bütün köhnə konstruksiyalar dəqiq siyahıya alınmalı və mərhələli şəkildə yenilənməlidir:
"Monitorinqlər yalnız asfalt çəkiləndə deyil, il ərzində mütəmadi aparılmalıdır. Bu, həm yol təhlükəsizliyi, həm də mühəndis kommunikasiya sistemlərinin davamlılığı üçün vacibdir", - deyə Cahid Həsənov vurğulayıb.
Türkan İsgəndərli
tag: Memar,Cahid Həsənov,AAYDA,Yol,Todaypress.tv,
