Skuter qiymətləri müzakirədə: hökumət ucuzluğa gedəcək?

Skuter qiymətləri müzakirədə: hökumət ucuzluğa gedəcək?
10.07.2026 12:25 Cəmiyyət

Hazırda skuter operatorlarının tətbiq etdiyi tariflər vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Məsələn, “Apar” operatoronun tətbiqində göstərilən qiymətlərə əsasən, istifadəçidən 0,49 manat açılış haqqı, dəqiqəsi 0,16 manat, gözləmə rejimində isə dəqiqəsi 0,06 manat tutulur. Bundan əlavə, istifadə zamanı 3 manat məbləğində depozit bloklanır.

TodayPress TV xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) media nümayəndələri üçün keçirdiyi “Yol hərəkətinin təşkili ilə bağlı təlim-infosessiya” zamanı bu barədə sual ünvanlanıb. 

AYNA skuter qiymətlərinə təsir edə bilirmi?

Qurum rəsmisinin cavabına görə, Azərbaycanda skuter xidmətlərinin qiymətlərinə AYNA tərəfindən müdaxilə edilmir. 

“Skuter xidmətlərinin qiymətləri tələb və təklif əsasında formalaşır və operatorlar tarif siyasətlərini müstəqil şəkildə müəyyən edirlər. Biz onlara qiymətlərin baha olduğunu deyəndə, onlar bildirirlər ki, taksilərin qiyməti çox ucuzdur. Onların fikrincə, məhz buna görə skuterlərin qiyməti baha görünür”, – deyə AYNA nümayəndəsi qeyd edib.

Bildirilib ki, operatorlar daşınma, texniki xidmət və zədələnən skuterlərin bərpası kimi əməliyyat xərclərini əsas gətirərək qiymətləri aşağı salmağın onlar üçün sərfəli olmadığını bildirirlər.

Qeyd olunub ki, hazırda bazarda “Jet”, “Wingz” və “Apar” olmaqla üç skuter operatoru fəaliyyət göstərir. “Bolt” isə artıq bu xidməti təqdim etmir. Operatorlar öz aralarında kifayət qədər rəqabətin olduğunu və mövcud qiymətlərin onları qane etdiyini bildirirlər.

AYNA nümayəndəsi əlavə edib ki, agentlik operatorlara tələbələr üçün endirim tətbiq etməyi tövsiyə edib və bəzi şirkətlər artıq bu addımı atıblar. Onun sözlərinə görə, “Jet” tələbə kartı ilə endirim təqdim edir.

Qurum rəsmisi vurğulayıb ki, AYNA operatorlardan qiymətləri endirməyi tələb edə bilməz. Agentliyin əsas funksiyası qanunvericilik bazasını formalaşdırmaq, parklanma yerlərini müəyyənləşdirmək və xidmətin şəhər mühitinə uyğun şəkildə təşkilini təmin etməkdir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər