Rüfət Mahmud: “Məqsədimiz təkcə infrastrukturun deyil, idarəetmə mədəniyyətinin müasirləşdirilməsidir”

Cəmiyyət

23.12.2025 11:19

"2025-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarəetmədə yeni mərhələyə qədəm qoyaraq fəaliyyətini açıq hesabatlılıq, ictimai iştirakçılıq və birgə qərarvermə prinsipləri üzərində qurub. Məqsəd yalnız infrastruktur layihələrinin icrası deyil, eyni zamanda idarəetmə mədəniyyətinin müasirləşdirilməsidir".

TodayPress TV xəbər verir ki, bu fikirləri Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərə həsr olunmuş ilin yekunlarına dair mətbuat konfransında səsləndirib.

Onun sözlərinə görə, bu yanaşma ölkə rəhbərliyinin müəyyən etdiyi strateji inkişaf xətti ilə tam uzlaşır.

"Prezident İlham Əliyev “Milli mədəni irsimizin qorunması gələcək nəsillər qarşısında tarixi məsuliyyətimizdir” fikri görülən bütün işlərin əsas ideoloji xəttini təşkil edir. Dövlət başçısının eləcə də Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsin mühafizəsi və dünyada tanıdılması istiqamətində göstərdiyi diqqət və qayğı Qoruq İdarəsinin fəaliyyətinə əlavə dinamizm və motivasiya verir".

Rüfət Mahmud vurğulayıb ki, İçərişəhərdə həyata keçirilən hər bir addım həm dövlət dəstəyinin, həm də kollektiv məsuliyyətin nəticəsidir.

"2025-ci il İçərişəhər üçün xüsusi əhəmiyyət daşıyan bir il olub. Bu il İçərişəhərin YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilməsinin 25 illiyini qeyd etmişik. İl ərzində bir çox tədbirlər təşkil olunub. O cümlədən YUNESKO-nun Parisdə yerləşən baş ofisində genişmiqyaslı toplantı keçirilib, İçərişəhərdə görülən işlər və həyata keçirilən fəaliyyətlər beynəlxalq ictimaiyyətə təqdim edilib”.

İdarə Heyətinin sədri qeyd edib ki, YUNESKO statusu təkcə qürur mənbəyi deyil, eyni zamanda böyük məsuliyyət və öhdəlikdir:

“İçərişəhər sadəcə daş divarlardan ibarət deyil. O, yaddaşdır, kimlikdir, minilliklər boyu formalaşmış həyat mədəniyyətidir. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir”.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rüfət Mahmud,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,