Rüfət Mahmud: “İçərişəhəri yaşayan tarix və müasir mədəniyyət mərkəzi kimi qorumağı hədəfləyirik”
Cəmiyyət
23.12.2025 11:36
"2025-ci ildə İçərişəhərdə mədəni həyatın canlandırılması və turizm potensialının artırılması məqsədilə bir sıra mühüm mədəniyyət layihələri həyata keçirilib. Xüsusilə gənclərin və sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün yeni mədəni və yaradıcılıq mərkəzləri yaradılıb".
TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, ənənəvi sənətkarlığın qorunması və yaşadılması məqsədilə İçərişəhərdə sənətkarlıq emalatxanalarının fəaliyyəti dəstəklənib, yeni sərgi məkanları istifadəyə verilib:
"Bu addımlar həm yerli əhalinin məşğulluğunun artırılmasına, həm də turistlər üçün daha cəlbedici və maraqlı mühitin formalaşdırılmasına xidmət edir. Rəqəmsallaşma istiqamətində də mühüm addımlar atılıb. İçərişəhərin tarixi abidələri haqqında məlumatların rəqəmsal platformalarda əlçatanlığı təmin edilib, ziyarətçilər üçün interaktiv bələdçi sistemləri tətbiq olunub. Bu texnoloji yeniliklər tarixi irsin gənc nəslə daha anlaşılan və maraqlı formada təqdim olunmasına imkan yaradır".
Sədr əlavə edib ki, müxtəlif ölkələrin tarixi mərkəzləri və qoruqları ilə təcrübə mübadiləsi aparılıb, birgə mədəni tədbirlər və sərgilər təşkil edilib. Bu əməkdaşlıqlar İçərişəhərin beynəlxalq səviyyədə tanınmasını və nüfuzunun daha da artmasını təmin edir:
Qarşıdakı illərdə də əsas məqsəd İçərişəhəri həm yaşayan bir tarix, həm də müasir və dinamik mədəniyyət mərkəzi kimi qoruyub saxlamaqdır. Əldə etdiyimiz hər bir uğur bu istiqamətdə atılan ardıcıl və qətiyyətli addımların nəticəsidir".
Türkan İsgəndərli
tag: Rüfət Mahmud,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,
