Rüfət Mahmud: “İçərişəhərdə görülən işlər xaotik deyil, strateji plan əsasında ardıcıl icra olunub”
Cəmiyyət
23.12.2025 11:34
"Qoruq ərazisində həyata keçirilən bütün layihələr xaos və parçalanmış yanaşma ilə deyil, əvvəlcədən müəyyənləşdirilmiş strateji çərçivə və sistemli fəaliyyət planı əsasında mərhələli şəkildə icra olunub".
TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu yanaşma resursların səmərəli idarə edilməsinə və dayanıqlı nəticələrin əldə olunmasına imkan verib:
"İlk növbədə Qoruq İdarəsində institusional islahatlara başlanılıb. İdarəetmə strukturları optimallaşdırılıb, daha çevik, şəffaf və effektiv idarəetmə modeli tətbiq olunub. Maliyyə intizamı gücləndirilib, əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə təlim və inkişaf proqramlarına start verilib.
Qoruq idarəsinin nizamnaməsinə uyğun olaraq korporativ idarəetmə prinsiplərinin tətbiqi genişləndirilib, daxili proseslərin standartlaşdırılmasına başlanılıb. Eyni zamanda işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, təhlükəsizlik və sosial təminat mexanizmləri optimallaşdırılıb".
İdarə heyətinin sədri əlavə edib ki, Neftçilər prospekti və Əziz Əliyev küçələri boyunca fasad və balkonlar tam təmir olunub, uyğunsuz elementlər sökülüb:
"İllərlə pəncərələrdə qalan barmaqlıqlar və kondisionerlər səliqəli formaya salınıb, balkonlarda yerləşdirilən kombi sistemləri və antenalar mümkün qədər yığışdırılıb.
İçərişəhərin əsas girişində – həm Neftçilər prospekti istiqamətində, həm də Qoşa Qala ərazisində köşklərin sökülməsi nəticəsində ərazi daha estetik və səliqəli məkana çevrilib. Qoruq ərazisində panduslar quraşdırılaraq fiziki əlçatanlıq təmin edilib. Artıq imkanı məhdud olan şəxslərin İçərişəhərin ətrafında, eləcə də Neftçilər prospektindən Qız Qalasına qədər rahat hərəkət təmin olunub".
Rüfət Mahmud vurğulayıb ki, daxili ərazilərdə də genişmiqyaslı işlər aparılıb:
"Plastik materiallarla örtülmüş balkonlar orijinal görkəminə qaytarılıb, 12 evin dam örtüyü təmir olunub, 28 ünvanda sakinlərin mənzillərində təmir işləri aparılıb, bir sıra binaların fasadları bərpa edilib, baxımsız ərazilər təmizlənib.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mövcud nişanlar yenilənib, vahid standartlara uyğunlaşdırılıb, parklanma və nəzarət sistemi mərhələli şəkildə tənzimlənir. Bu sahədə işlər AYNA ilə birgə həyata keçirilib".
O bildirib ki, Qala divarı yaxınlığında illərlə toplanan və mənşəyi məlum olmayan sular divarın dayanıqlığı üçün ciddi risk yaradırdı. Qoruq İdarəsinin təşəbbüsü və Nazirlər Kabinetinin göstərişi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərsu mütəxəssisləri tərəfindən aparılan geniş araşdırma nəticəsində problem tam həll olunub.
Bundan əlavə, SOCAR-ın tabeliyində fəaliyyət göstərən Azəriqaz İstehsalat Birliyi tərəfindən sayğac qutuları yenilənib, vizual baxımdan uyğunsuz görüntü yaradan açıq borular səliqəyə salınıb. Hazırda Azərişıq və Azərsu ilə birgə digər infrastruktur xətlərinin yenilənməsi üzrə layihələr hazırlanır və bu layihələrin 2026-cı ildə icrası planlaşdırılır.
Türkan İsgəndərli
tag: Rüfət Mahmud,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,
