Rauf Zeyni: "Dövlət qurumlarının fəaliyyətinə artıq təkcə dövlət deyil, ictimaiyyət və media da nəzarət edir"

Rauf Zeyni: "Dövlət qurumlarının fəaliyyətinə artıq təkcə dövlət deyil, ictimaiyyət və media da nəzarət edir"
10.07.2026 11:32 Cəmiyyət

"Azərbaycanda dövlət qurumlarının fəaliyyətinə nəzarət artıq yalnız dövlət səviyyəsində deyil, ictimaiyyət və media tərəfindən də həyata keçirilir"

TodayPress TV xəbər verir ki, bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, rəhbərlik etdiyi təşkilat uzun illərdir ictimai iştirakçılığın təmin olunması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində müxtəlif layihələr həyata keçirir:

"İctimaiyyət bilməlidir ki, bu gün dövlət qurumlarının fəaliyyətinə təkcə Prezident Administrasiyası və digər dövlət qurumları tərəfindən deyil, həm də ictimaiyyət və media tərəfindən nəzarət olunur. Bizim də əsas məqsədimiz ictimai iştirakçılığı təmin etmək, şəffaflığı artırmaq və korrupsiyaya qarşı mübarizəyə töhfə verməkdir. Təşkilat yalnız layihə müddətində deyil, layihələr başa çatdıqdan sonra da öz təşəbbüsü ilə regionlarda fəaliyyətini davam etdirir. Layihələr adətən üç ay davam edir. Amma biz qalan aylarda da şəxsi vəsaitimiz hesabına rayonlara gedir, tədbirlər keçirir, maarifləndirmə işini davam etdiririk. Yanacağımızı özümüz qarşılayır, heyətimizi aparır və fəaliyyətimizi dayandırmırıq".

Sədr bələdiyyələrin layihənin əsas hədəfi kimi seçilməsinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bələdiyyələr vətəndaş cəmiyyətinin mühüm institutlarından biridir və onların gücləndirilməsi ictimai nəzarətin genişlənməsinə xidmət edir"

"Vətəndaş cəmiyyətinin dörd əsas elementi var: qeyri-hökumət təşkilatları, bələdiyyələr, həmkarlar ittifaqları və media. Təəssüf ki, tədbirlərimizdə iştirak edən insanların böyük hissəsi hələ də 'vətəndaş cəmiyyəti nədir?' sualına cavab verə bilmir. Bu isə maarifləndirmənin nə qədər vacib olduğunu göstərir".

Rauf Zeyni əlavə edib ki, Azərbaycanda elektron xidmətlərin inkişafı da korrupsiyaya qarşı mübarizənin mühüm istiqamətlərindən biridir. Bu baxımdan "ASAN xidmət"in xüsusi rol oynadığını deyən Rauf Zeyni layihənin dövlətin ən uğurlu antikorrupsiya təşəbbüslərindən biri olduğunu vurğulayıb.

"ASAN xidmət Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Bu xidmət məhz korrupsiyanın qarşısının alınması üçün yaradılıb və qarşıya qoyulan məqsədlərə nail olub. Təsadüfi deyil ki, həm ölkə daxilində, həm də BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb".

O qeyd edib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri və maliyyə imkanları daha da genişləndirilməlidir.

"Bələdiyyələrin güclənməsi üçün onların büdcəsi artırılmalı, qanunvericilik təkmilləşdirilməli və səlahiyyətləri genişləndirilməlidir. Qardaş Türkiyədə və dünyanın bir çox ölkələrində bələdiyyələr daha geniş imkanlara malikdir. Təəssüf ki, son 30 ildə biz bu istiqamətdə istədiyimiz nəticələri tam əldə edə bilməmişik".

İcma nümayəndəsi vurğulayıb ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası formalaşdırılıb.

"2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul olunub. Bundan əlavə, ölkəmiz korrupsiya ilə bağlı beynəlxalq konvensiyalara qoşulub və milli qanunvericilik həmin sənədlərə uyğunlaşdırılıb".

Sonda Rauf Zeyni bildirib ki, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı bundan sonra da davam etdirilməlidir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər