Nəqliyyatın idarə olunmasında yeni sistem: Xəritə üzərindən…
Cəmiyyət
05.09.2025 17:41
"İctimai nəqliyyatın idarə olunmasında yeni imkanlar yaradılır. Hazırda "AynaMaas" sistemi üzərində iş aparılır ki, bu da sərnişinlərə səfər planlaması və avtobusların real vaxt rejimində izlənməsinə şərait yaradacaq".
Nəqliyyat eksperti Rauf Ağamirzəyev bunu TodayPress TV-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq sistemin yekunlaşdırılaraq ictimaiyyətə təqdim edilməsi gözlənilir.
Ekspert əlavə edib ki, paralel olaraq avtobusların həm mobil tətbiq, həm də sayt üzərindən izlənməsi imkanı yaradılmalıdır:
"Kimə necə rahatdırsa, elə istifadə etsin. İstər "map.ayna.gov.az", istər "BakuBus", istərsə də "Xaliq Faiqoğlu"nun saytları mövcuddur. Sadəcə, real vaxt izləmə funksiyası əlavə olunmalıdır. Əslində, əvvəllər belə imkan var idi, indi isə onu bərpa etmək lazımdır. Dünyanın istənilən şəhərində nəqliyyat xəritəsi üzərindən avtobusların hərəkətini izləmək mümkündür. Əlavə tətbiqlərin olması isə üstünlük sayılır".
Rauf Ağamirzəyev qeyd edib ki, bu yeniliklər tez vaxtda edilə bilər. Bununla da sərnişinlər daha rahat və sürətli şəkildə marşrut seçə bilərlər.
Türkan İsgəndərli
tag: AynaMaas,İctimai nəqliyyat,Rauf Ağamirzəyev,BakuBus,Todaypress.tv,