Ekspertdən xəbərdarlıq: Plastik şüşədə saxlanılan turşular ölümə səbəb olur!
Cəmiyyət
01.10.2025 12:13
“İnsanların bilgisizliyi və bazarlarda turşu kimi məhsulların mövcudluğu zəhərlənməyə səbəb olur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu TodayPress TV-yə danışarkən deyib.
Onun sözlərinə görə, ölkəmizdə zəhərlənmələrin statistikası və qeydiyyatı düzgün aparılmır:
“Azərbaycandakı statistika Ümumdünya Səhiyyə Təşkilatının statistikası ilə müqayisədə 1400 dəfə azdır. Yəni çatışmazlıq var”, - deyə o bildirib.
“Bəzən evdə hazırlanan bu cür turşulardan zəhərlənmələr baş verir”
Eyyub Hüseynov, həmçinin bildirib ki, Azərbaycanda evdə turşuların hazırlanması kimi “qida mədəniyyətsizliyi” var:
“İnsanlar bilməlidirlər ki, bütün nemətlərin mənbəyi torpaq olduğu kimi, ən təhlükəli zəhərləyicilərin və bakteriyaların mənbəyi də torpaqdır. Torpaqda yetişən bu məhsullardan evdə turşu hazırlamaq insanları tədricən və ya qəfil zəhərləməyə gətirib çıxara bilir. İllər boyu plastik şüşənin içərisinə üzüm yarpaqlarını qoyub, üstünə kimyəvi aktiv - sirkə tökür, qışa saxlayır və ya bazarlarda satırlar. Eləcə də toy, yas məclislərində bəzən evdə hazırlanan bu cür turşulardan zəhərlənmələr meydana çıxır”.
Onun fikrincə, bu kimi halların qarşısını yalnız düzgün məlumatlandırma və ictimai şüurun artırılması ilə almaq olar:
“Ona görə də Azad İstehlakçılar Birliyi regionlarda ciddi maarifləndirmə işləri aparmağa hazırlaşır”, - deyə Eyyub Hüseynov son olaraq bildirib.
Qeyd edək ki, ötən ay Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə ümumilikdə 91 nəfər (81 nəfər ağır vəziyyətdə olmaqla) zəhərlənmə səbəbilə qəbul olunub.
Bildirilib ki, onlardan 35 nəfəri dərman preparatlarından, 27 nəfəri sirkə turşusundan, 2 nəfəri spirtli içkilərdən, 8 nəfəri ilan sancmasından, 7 nəfəri allergik reaksiyadan, 2 nəfəri yandırıcı məhlullardan, 1 nəfəri həlledici maddədən, 6 nəfəri fosfor üzvi birləşmələrdən, 2 nəfəri anafilaktik şokdan, 1 nəfəri isə inhalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Aysel Mətləb
tag: Eyyub Hüseynov,Ekspert,Turşu,Zəhərlənmə,Todaypress.tv,
