Ev almaq istəyənlərə ŞAD XƏBƏR

Cəmiyyət

28.07.2025 11:49

Azərbaycan Prezidenti İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb.

Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə ayrılan 85 milyon manat hesabına mümkün olub. 

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu vəsait Fondun sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi imkanlarını daha da genişləndirəcək.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə bağlı müvafiq fərmanlar imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər güzəştli ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. 

Praktik olaraq, hər maliyyə ilində bu istiqamətdə ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

“Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Bu, həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir”.

Vüqar Bayramov sonda qeyd edib ki, indiyədək İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 54 min 918 ipoteka krediti verilib. Verilmiş kreditlərin ümumi məbləği 3 milyard 560 milyon manatdan çoxdur.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Ev,Şad xəbər,Todaypress.tv,

photo