"Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı

"Müəllim dedi şikayətini geri götür, kömək edəcəm, sonra isə..." – UNEC tələbəsi imtahana buraxılmadı
10.07.2026 17:35 Cəmiyyət

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin Maliyyə ixtisası üzrə III kurs, 601-ci qrup tələbəsi Zeynalov Fərrux Əziz oğlu redaksiyamıza müraciət edərək “Soft Skills” fənni üzrə davamiyyəti ilə bağlı yaranmış mübahisəli vəziyyət və imtahana buraxılmaması ilə bağlı şikayətini bölüşüb.

Tələbənin redaksiyamıza təqdim etdiyi müraciətdə bildirilir ki, 2025–2026-cı tədris ilinin yaz semestrində “Soft Skills” fənni üzrə müəllimi Aytən Axundova Şahin qızı tərəfindən davamiyyəti ilə bağlı yaranmış iki mübahisəli halın araşdırılmasını və imtahana buraxılmaq hüququnun bərpa edilməsini xahiş edir.

TodayPress TV tələbənin ərizəsini təqdim edir:

“Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və Tədris Mərkəzinin direktoruna 

ƏRİZƏ

Mən, Zeynalov Fərrux Əziz oğlu, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin Maliyyə ixtisası üzrə III kurs, 601-ci qrup tələbəsiyəm. 

Sizə müraciət etməkdə məqsədim 2025–2026-cı tədris ilinin yaz semestrində Soft Skills fənni üzrə müəllimim Aytən Axundova Şahin qızı tərəfindən davamiyyətimlə bağlı yaranmış iki mübahisəli halın araşdırılması və mənə imtahana buraxılmaq hüququnun bərpa edilməsinə köməklik göstərilməsini xahiş etməkdir. 

Birinci hadisə 19 may 2026-cı il tarixində baş vermişdir. Həmin gün Beynəlxalq Şəhərsalma Forumu (WUF-13) ilə əlaqədar dərslər distant (onlayn) formatda keçirilirdi. Eyni tarixdə mənə həkim-androloq Arman Özləmir tərəfindən varikosel əməliyyatı təyin olunmuşdu. Mən dərsin əvvəlindən onlayn şəkildə iştirak etmiş, təxminən 40–50 dəqiqə dərsdə olduqdan sonra əməliyyat səbəbindən məcburi şəkildə dərsi tərk etmişəm. Buna baxmayaraq, həmin dərs üzrə mənə qayıb yazılmış, nəticədə davamiyyət limitim dolmuş və bu hal sonradan imtahana buraxılmamağıma səbəb olmuşdur. Qeyd etmək istəyirəm ki, əməliyyat keçirməyimə dair rəsmi tibbi arayışım mövcuddur.

İkinci hadisə isə 26 may 2026-cı il tarixində keçirilən dərslə bağlıdır. Həmin gün dərsə ilk gələn tələbələrdən biri olmuşam. Dərsin əvvəlində auditoriyada cəmi üç tələbə iştirak edirdi. Təxminən 10–20 dəqiqə sonra digər iki tələbə müəllimədən icazə alaraq dərsi tərk etdilər. Mən isə dərsdə qalaraq bir saatdan artıq iştirak etdim və dərsin sonunadək qalmağı planlaşdırırdım. Lakin sonradan məlum oldu ki, dərsin bitməsinə təxminən 10 dəqiqə qalmış mənim adıma qayıb qeyd edilmişdir. Halbuki həmin gün dərsdə faktiki iştirak etmişəm. Nəticədə bu qayıb da davamiyyət faizimə mənfi təsir göstərmiş və imtahana buraxılmamağıma səbəb olmuşdur. 

Qeyd etmək istəyirəm ki, semestr ərzində bu fənn üzrə cari qiymətləndirmələrim yüksək olmuşdur və imtahana buraxılmamağım yalnız qeyd olunan davamiyyət məsələləri ilə bağlıdır. Bu günədək təhsil müddətində akademik borcum olmamışdır.

Məsələ ilə bağlı fakültənin dekan müavinlərinə və tyutorlara müraciət etsəm də, problem öz həllini tapmamışdır. Bundan əlavə, məsələ ilə bağlı “Soft Skills” fənninin müəllimi Aytən Axundova Şahin qızı ilə söhbətim zamanı o, öz təşəbbüsü ilə mənə bildirdi ki, məsələ ilə bağlı rektora müraciət edəcək, mənim üçün köməklik xahiş edəcək və yaranmış problemin həllinə dəstək göstərəcək. Həmçinin mənə şikayətimi geri götürməyi tövsiyə edərək bildirdi ki, IV kursun II semestrində bu fənn üzrə mənə köməklik göstərəcək və yaranmış problemin həllinə dəstək olacaq. Mən müəllimin bu vədlərinə inanaraq məsələnin həll olunacağını gözlədim. Lakin sonradan nə rektorluq səviyyəsində, nə də müəllim tərəfindən mənə hər hansı köməklik göstərilmədi və problem öz həllini tapmadı. Əksinə, məsələnin həlli uzandıqca vəziyyətim daha da ağırlaşdı və nəticədə mən imtahana buraxılmadım. 

Hazırda “Soft Skills” fənni akademik borc kimi qalmışdır. Bu vəziyyət mənim təhsilimə ciddi mənfi təsir göstərir. Belə ki, Rus İqtisad Məktəbinin Maliyyə ixtisası üzrə IV kursun II semestrində tələbələr istehsalat təcrübəsində olacaqları halda, mən yalnız bu bir fənnə görə universitetə davam etməyə və dərslərdə iştirak etməyə məcbur qalacağam. Hesab edirəm ki, vaxtında həll edilə biləcək bu məsələ ilə bağlı mənə vəd edilən köməklik göstərilmədiyi üçün problem daha da böyümüş və təhsil prosesimdə ciddi çətinlik yaratmışdır. Hazırda isə “Soft Skills” fənni üzrə yay məktəbi təşkil olunmadığından yaranmış vəziyyət mənim üçün daha ciddi problem yaratmışdır. 

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, müraciətimin obyektiv araşdırılmasına göstəriş verəsiniz, təqdim etdiyim tibbi arayış və digər faktlar nəzərə alınaraq 19 və 26 may 2026-cı il tarixlərində mənə yazılmış qayıbların yenidən araşdırılmasını təmin edəsiniz və “Soft Skills” fənni üzrə mənə imtahana buraxılmaq hüququnun bərpa edilməsinə köməklik göstərəsiniz. Müraciətimin təcili xarakter daşıdığını nəzərə alaraq, məsələyə mümkün qədər qısa müddətdə, imkan daxilində yaxın 5 gün ərzində baxılmasını xahiş edirəm”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər