Mahinur Özdemir Göktaş: “Rəqəmsal mühitdə uşaqların müdafiəsi dövlətlərin birgə məsuliyyətidir”
Cəmiyyət
23.12.2025 11:24
“Uşaqların qorunması hüquqi və mənəvi öhdəlikdir və rəqəmsal mühit bu məsuliyyətin miqyasını daha da genişləndirib”.
TodayPress TV xəbər verir ki, bunu Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.
Nazir bildirib ki, uşaqların qorunması dövlətlər üçün həm hüquqi, həm də mənəvi öhdəlik yaradır. Onun sözlərinə görə, rəqəmsal mühit bu öhdəliyin tətbiq sahəsini genişləndirdiyi üçün qanunvericilik aktları yenilənməli, qoruyucu və qabaqlayıcı xidmətlər gücləndirilməlidir. Eyni zamanda, texnologiya şirkətlərinin məsuliyyəti aydın şəkildə müəyyənləşdirilməli və effektiv nəzarət mexanizmləri qurulmalıdır.
Mahinur Özdemir Göktaş vurğulayıb ki, bu sahədə xüsusilə üç əsas istiqamət ön plana çıxır. Birinci istiqamət prioritet və qabaqlayıcı siyasətlərdir. O qeyd edib ki, uşaqların rəqəmsal savadlılığı yalnız texniki bacarıqlarla məhdudlaşmır, bu anlayış məxfilik şüuru, təhlükəsiz ünsiyyət, tənqidi düşüncə və risklərin dərk edilməsi ilə birlikdə formalaşdırılmalıdır. Valideynlərə yönəlik dəstəyin bu siyasətin ayrılmaz hissəsi olduğunu deyən nazir, uşağın ən güclü müdafiəni çox zaman ailə mühitində gördüyünü diqqətə çatdırıb.
Nazir çıxışında ikinci istiqamət kimi effektiv qorunma mexanizmlərini qeyd edib. Onun sözlərinə görə, zərərli məzmun sürətlə yayılır və iz buraxmadan ciddi fəsadlara səbəb ola bilər. Bu baxımdan müraciət kanalları əlçatan olmalı, zərərçəkənlərə dəstək xidmətləri fasiləsiz şəkildə fəaliyyət göstərməlidir.
Üçüncü istiqamətin texnologiya və kommunikasiya məsələləri olduğunu bildirən Mahinur Özdemir Göktaş qeyd edib ki, süni intellekt məzmunun istehsalını və yayılmasını sürətləndirdiyi kimi, zərərli məzmunun aşkarlanması və qarşısının alınması üçün də imkanlar yaradır. O vurğulayıb ki, bu sahədə ortaq standartlar, şəffaflıq və hesabatlılıq olmadan etimadın formalaşması mümkün deyil. Platformalar uşaq təhlükəsizliyini dizayn mərhələsindən etibarən nəzərə almalı, risk təhlili aparmalı və məlumatların işlənməsi zamanı uşaqların həssaslığını əsas prinsip kimi qəbul etməlidir.
Nazir sonda dövlət qurumları, akademik dairələr, vətəndaş cəmiyyəti və özəl sektor arasında əməkdaşlıq modelinin qurulmasının rəqəmsal mühitdə uşaqların qorunması baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb.
Qiymət Mahir
tag: Mahinur Özdemir Göktaş,Nazir,Tədbir,Çıxış,Todaypress.tv,
