İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır

İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır
09.07.2026 13:52 Cəmiyyət

Məcburi hərbi xidmət, peşəkar orduya keçid və xaricdə çıxış edən idmançıların hərbi xidmətlə bağlı üzləşdiyi problemlər yenidən müzakirə mövzusuna çevrilib.

TodayPress TV xəbər verir ki, politoloq İlqar Məmmədov bu mövzu ilə bağlı fikirlərini bölüşərək bildirib ki, dünyanın bir çox ölkəsində məcburi hərbi xidmət təsadüfi səbəblərdən deyil, ciddi ictimai və hərbi zərurətlər nəzərə alınaraq ləğv edilib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik mühitində artan gərginlik bəzi ölkələrdə çağırış sisteminin bərpası ilə bağlı müzakirələri gücləndirsə də, hələlik bununla bağlı ciddi qərarlar qəbul edilməyib:

"Hərbi xidmətə çağırış çox ölkədə heç də səbəbsiz yerə ləğv edilməyib. Düzdür, beynəlxalq gərginliyin artdığına görə indi həmin ölkələrdə çağırışın bərpasını istəyən səslər güclənib. Amma hələ ciddi addım yoxdur və olacağı da hazırda şübhə altındadır".

Politoloq hesab edir ki, müasir dövrdə məcburi hərbi xidmət modeli ciddi mənəvi böhran yaşayır və bu səbəbdən Qərb ölkələrinin əksəriyyəti illər əvvəl peşəkar ordu modelinə üstünlük verib:

"İndiki dünyada hərbi xidmətə çağırış ciddi mənəvi böhran keçirir və məhz buna görə hələ 50 il əvvəl Qərbdə onu əsasən ləğv etdilər. Rusiya-Ukrayna müharibəsi zamanı yayılan çoxsaylı "adamqaçırma" videoları da bu mənəvi böhranın nə qədər dərin olduğunu göstərir. Bu gün bir azərbaycanlı futbolçunun Albaniyada çıxış etdiyi klubuna qayıda bilməməsi barədə xəbərlər yayıldı. Hərbi xidməti keçmədiyi üçün onu ölkədən buraxmırlar. İdman Nazirliyi, AFFA və Qurban Qurbanov onu buraxmağı xahiş etsələr də. Belə bir fikir var ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaltdığını da nəzərə almalıyıq".

İlqar Məmmədovun fikrincə, çıxış yolu məcburi xidmət müddətinin qısaldılması və peşəkar ordu modelinə keçidin sürətləndirilməsidir.

"İndiki zəmanədə gənc oğlanların həyatının bir ilini məcburi hərbi xidmətdə keçirməsi tamamən məntiqsizdir. Ölkəmiz peşəkar orduya tam keçənə qədər hələlik hərbi təlim üçün daha qısa və hissələrə bölünə biləcək müddətlər müəyyənləşdirilməlidir. Məsələn, Türkiyədə olduğu kimi, altı ay ərzində kifayət qədər hərbi hazırlıq keçmək mümkündür, hətta bu müddəti iki hissəyə bölməklə. Eyni zamanda, Azərbaycanda tam peşəkar orduya keçid prosesi də sürətləndirilməlidir".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər