İçərişəhərin mobil tətbiqi istifadəyə verilir
Cəmiyyət
23.12.2025 11:54
İçərişəhərin mobil tətbiqi istifadəyə verilir.
TodayPress TV xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bunu İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İçərişəhər üçün hazırlanan mobil tətbiqin əsas məqsədi qoruğun tarixi-mədəni irsinin daha müasir və əlçatan formada təqdim olunmasıdır. Tətbiq ilkin mərhələdə turistlər üçün nəzərdə tutulub və ziyarətçilərə tarixi abidələr, marşrutlar, mədəni obyektlər və xidmətlər barədə ətraflı məlumat təqdim edəcək.
Aytac Əlisultanlı qeyd edib ki, növbəti mərhələlərdə mobil tətbiqin funksionallığı genişləndiriləcək. Belə ki, tətbiq tədricən İçərişəhər sakinləri üçün də əlçatan olacaq, gündəlik həyatla bağlı məlumatlar, xidmətlər və interaktiv imkanlar əlavə ediləcək.
Vurğulanıb ki, mobil tətbiqin istifadəyə verilməsi İçərişəhərin rəqəmsal transformasiyası istiqamətində atılan mühüm addımlardan biridir və həm turizm potensialının artırılmasına, həm də tarixi irsin müasir texnologiyalar vasitəsilə təbliğinə xidmət edəcək.
Türkan İsgəndərli
tag: Aytac Əlisultanlı,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,
