İçərişəhərdə yeni idarəetmə mərhələsi: “Ağıllı Qoruq” konsepsiyasına keçid planlaşdırılır

Cəmiyyət

23.12.2025 12:03

"İçərişəhər artıq yeni bir idarəetmə mərhələsinin astanasındadır və mövcud çağırışlar yeni yanaşmaların tətbiqini zəruri edir".

TodayPress TV xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, minillik tarixə malik İçərişəhər müxtəlif dövrlərdə fərqli idarəetmə modellərindən keçib və 2025-ci ildən etibarən müasir tələblərə uyğun çevik, rəqəmsal və sistemli idarəetmə modelinə keçid planlaşdırılır:

"Aparılan təhlillər nəticəsində dörd əsas problem müəyyən edilib. Bunlara dağınıq və qeyri-effektiv məlumat sistemi, institusional yaddaşa və insan faktoruna əsaslanan idarəetmə, tarixi abidələr üzrə vahid rəqəmsal arxiv və monitorinq sisteminin olmaması, həmçinin ziyarətçi axını və təcrübəsi ilə bağlı statistik məlumatların toplanmaması daxildir". 

O vurğulayıb ki, İçərişəhər ölkəyə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri olsa da, bu axın indiyədək sistemli şəkildə təhlil edilməyib.

Həmçinin qurum üzvü ərazidə gedən çoxsaylı proseslərin nəzarət və koordinasiyasında da çətinliklərin olduğu,  övcud nəzarət mexanizmlərinin əsasən post-faktum reaksiyalara söykəndiyini vurğulayıb.

"Bu çağırışlar fonunda “Ağıllı Şəhər” yanaşmasının irsin idarə edilməsinə inteqrasiyası gündəmə gətirilib. “Ağıllı Qoruq” konsepsiyası tarixi irsə müdaxilə deyil, əksinə, rəqəmsal texnologiyalar vasitəsilə irsin qorunması, operativ qərarvermə və ictimai tələbat arasında balansın yaradılmasını nəzərdə tutur.

Bu yanaşma ölkə üzrə həyata keçirilən genişmiqyaslı rəqəmsal islahatlarla da uzlaşır. Xüsusilə Prezident İlham Əliyevin təsdiqlədiyi 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası və 2026-2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası bu dəyişikliklərin əsasını təşkil edir".

Aytac Əlisultanlı qeyd edib ki, artıq 2025-ci ilin əvvəlindən etibarən İçərişəhər Qoruq İdarəsi tərəfindən bir sıra rəqəmsal layihələrin icrasına başlanılıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aytac Əlisultanlı,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,