İçərişəhərdə süni intellekt əsaslı kameralar quraşdırılacaq

Cəmiyyət

23.12.2025 12:31

"İçərişəhərdə sürət həddinin aşağı salınmasının əsas məqsədi piyada təhlükəsizliyinin təmin olunmasıdır".

TodayPress TV xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışında deyib. 

"Bu istiqamətdə son bir neçə ildə küçələrdə daş və qənbər daşlardan ibarət, sürəti azaldan fiziki maneələr quraşdırılıb. Aparılan müşahidələr nəticəsində artıq bir sıra küçələrdə, xüsusilə Kiçik Qala və Asəf Zeynallı küçələrində müsbət dəyişikliklər qeydə alınıb".

Aytac Əlisultanlı vurğulayıb ki, sürətə nəzarətin daha effektiv təşkili üçün yeni mərhələyə keçirilib. Onun sözlərinə görə, ərazidə süni intellekt əsaslı xüsusi kameraların quraşdırılması nəzərdə tutulur.

"Bu kameralar sürət həddini aşan nəqliyyat vasitələrini avtomatik şəkildə qeydə alacaq, avtomobilin dövlət nömrə nişanı müəyyən ediləcək və məlumat dərhal müvafiq icraçı quruma, sakinlərə və ya giriş icazəsi olan şəxslərə yönləndiriləcək. Məqsəd nəqliyyat hərəkətinin təhlükəsizliyini artırmaq və piyada hüquqlarının daha effektiv qorunmasını təmin etməkdir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Aytac Əlisultanlı,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,