Hidrotexniki tunellər üçün layihələndirmə normaları təsdiqləndi
Cəmiyyət
28.08.2025 12:50
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Hidrotexniki tunellər. Layihələndirmə normaları"nı təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Bu Normalar su elektrik stansiyalarının, meliorasiya sistemlərinin tərkibinə daxil olan, həmçinin su təchizatı kəmərlərinin çəkilişində tikilən və yenidən qurulan hidrotexniki tunellərin bütün siniflərinin layihələndirilməsinə şamil edilir.
Xüsusi şəraitlərdə (seysmiki aktiv ərazilərdə, mürəkkəb mühəndisi-geoloji şəraitdə və s.) hidrotexniki tunellərin layihələndirilməsi zamanı müvafiq normativ sənədlərin əlavə tələblərinə riayət etmək lazımdır.
Hidrotexniki tunelləri layihələndirərkən onun bütün uzunluğu boyu mühəndisi-geoloji tədqiqatlar aparılmalıdır.
Mühəndisi-geoloji və hidroloji tədqiqatlar zamanı aşağıdakılara xüsusi diqqət yetirilməlidir:
- tunelin istiqaməti boyunca və onun tikildiyi ərazidə tektonik pozulmalara;
- yeraltı suların səthlərinin səviyyəsi və bu suların qidalanma mənbələrinə;
- tunelin qrunt (qaya) massivindən giriş-çıxışı sahələrində baş verə biləcək sürüşmə prosesləri və sel axınlarına;
- süxurların süzülmə proseslərinə qarşı dayanıqlığına;
- kimyəvi və mexaniki suffoziyanın inkişafı ehtimalına;
- tunelin marşrutu boyunca karst zonalarının olmasına;
- tunel tikintisi ərazisində aqressiv yeraltı suların yerin səthinə çıxmasına;
- drenaj qurğularının kimyəvi tıxanması ehtimalına.
Tunel tikərkən, süxurların donmuş və ərimiş halda möhkəmlik, deformasiya qabiliyyəti və termofiziki xassələrinin hesablama qiymətlərini, donmanın xarakter və dərəcəsini, donmaya məruz qalmış süxurların və tuneldən axıb keçən suyun temperaturunu nəzərə almaq lazımdır. Həmçinin, istismar prosesində qərarlaşmış istilik rejimi şəraitində mövcud olan temperatur sahəsi də nəzərə alınmalıdır.
Nazirliyin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
tag: Anar Quliyev,Qərar,Arxitektura,Cəmiyyət,Todaypress.tv,