“Xocavənd” tankeri əsaslı təmirdən sonra istismara qaytarıldı
Cəmiyyət
03.07.2025 11:10
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Xocavənd” tankeri əsaslı təmir işlərindən sonra yenidən istismara verilib.
TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib.
Sükan-pər qurğusu, baş və köməkçi mühərriklər, nasoslar, qazanlar tam şəkildə baxışdan keçirilib və lazımi hissələr təmir olunub. Həmçinin tanker üzrə gövdə-qaynaq, boruquraşdırma, elektrikquraşdırma avtomatika və izolyasiya işləri yerinə yetirilib. Yükqaldırıcı qurğular, eləcə də xilasedici və yanğınsöndürmə avadanlıqları da sazlanıb.
“Xocavənd” gəmisinin rabitə və elektroradionaviqasiya sistemləri də təmir edilib, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Gəmidə müasir “NAVTEX” avadanlığı, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, girokompas və sürət ölçən Laq avadanlığı quraşdırılıb.
Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxana yenilənib.
Təmirdən sonra dəniz sınağından uğurla keçən tankerin ilk səfəri Türkmənistanın "Türkmənbaşı" limanına olub.
Bildirilir ki, uzunluğu 141,9, eni 16,84 metr olan “Xocavənd” gəmisinin yükgötürmə qabiliyyəti 8 min tondur.
tag: Xocavənd,Tanker,ASCO,Təmir,Todaypress.tv,