Güzəştlər ləğv olur: Özəl sektorda işləyənlərin xərci artacaq

Cəmiyyət

28.10.2025 16:48

"Dövlət sektorunda əvvəldən tətbiq olunan vergilərin indi özəl sektora da şamil edilməsi əmək bazarında ciddi dəyişiklik yaratmayacaq". 

Bunu iqtisadçı Xalid Kərimli TodayPress TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, güzəştin ləğvi bütün biznes strukturları üçün eyni şərtləri formalaşdırır:

"İş şəraitinə bunun heç bir təsiri yoxdur. Sadəcə, insanların sosial vəziyyətinə və sərəncamında qalan gəlirlərinə mənfi təsir göstərəcək. Çünki bəzi, xüsusən də aşağı əməkhaqqı alan şəxslərə əlavə vergi yüklənməsi çətin məsələdir".

İqtisadçı vurğulayıb ki, bu məsələ dəyişiklik şirkətlərin də xərclərini artıracaq:

"Bəzi hallarda şirkətlər işçilərin üzərinə düşən əlavə vergi yükünü kompensasiya etməyə məcbur olacaqlar. Bu da ümumilikdə iş yerlərinin xərclərinin artmasına gətirib çıxaracaq".

Xalid Kərimlinin fikrincə, güzəştlərin mərhələli şəkildə ləğvi dövlətin vergi siyasətində balanslaşdırma məqsədi daşıyır, lakin qısa müddətdə vətəndaşların gəlirlərinə mənfi təsir göstərəcək.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 2 milyard 567 milyon manat daxil olacağı gözlənilir. Bu, ötən illə müqayisədə 29 faiz çoxdur. Başqa sözlə, bu il fiziki şəxslərdən gəlir vergisi kimi 100 manat toplanırdısa, gələn il bu məbləğ 129 manat 50 qəpik olacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Xalid Kərimli,İqtisadçı,Özəl Sektor,Xərc,Todaypress.tv,

photo