Bahar Muradova: “Uşaqların rəqəmsal təhlükəsizliyi mühüm çağırışdır”
Cəmiyyət
23.12.2025 11:32
“Rəqəmsal mühitdə uşaqların davranışı və təhlükəsizliyi artıq yalnız sosial problem deyil”.
TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı deyib.
O bildirib ki, uşaqların rəqəmsal mühitdə davranışı və təhlükəsizliyi insan hüquqları, milli təhlükəsizlik və davamlı inkişaf baxımından olduqca mühüm əhəmiyyət daşıyır:
“Qlobal tendensiyalar göstərir ki, internet istifadəçilərinin böyük hissəsini məhz uşaqlar və yeniyetmələr təşkil edir. Aparılan tədqiqatlar uşaqların vaxtının əhəmiyyətli hissəsini onlayn platformalarda keçirdiyini göstərir və bu müddətdə onlar psixoloji travmalara, zorakılığa və müxtəlif neqativ təsirlərə məruz qala bilirlər. Bu amillər isə onların psixoloji sağlamlığına, sosial münasibətlərinə və şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir”.
Bahar Muradova vurğulayıb ki, bu problem bütün ölkələr üçün ortaq xarakter daşıyır. Bununla belə, hər bir dövlətin məsələyə yanaşması, seçdiyi həll yolları, tətbiq etdiyi texnoloji alətlər və maarifləndirmə strategiyaları xüsusi maraq doğurur.
Onun sözlərinə görə, konfransda iştirak edən ölkələrin təcrübəsinin paylaşılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində daha effektiv nəticələrin əldə olunmasına imkan verəcək.
Qiymət Mahir
tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Tədbir,Todaypress.tv,
