Bahar Muradova: “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi qlobal çağırışdır”

Cəmiyyət

23.12.2025 10:48

“Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar və yeniyetmələr üçün həm yeni imkanlar, həm də ciddi risklər yaradır. İnternet, sosial media və süni intellekt artıq yalnız texnoloji anlayışlar deyil, gündəlik həyatın, düşüncə sisteminin və dünyagörüşünün ayrılmaz hissəsinə çevrilib”

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq konfransı”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəqəmsal mühit texnoloji yaradıcılıq və innovativ inkişaf üçün geniş imkanlar açsa da, eyni zamanda nəzarətsizlik və məsuliyyətsizlik ciddi təhlükələr doğurur. Xüsusilə uşaq və yeniyetmələrin bu mühitdə istismara məruz qalması, şəxsi məlumatlarının oğurlanması, zərərli və avtomatlaşdırılmış məzmunlara çıxış imkanlarının artması artıq hipotetik risklər deyil, bir çox ölkədə real problemlər kimi müşahidə olunur.

Komitə sədri vurğulayıb ki, bu gün konfransda təmsil olunan dövlətlərin hamısı oxşar risklərlə üz-üzədir. Məhz buna görə də düzgün yanaşmaların, effektiv mexanizmlərin və adekvat tənzimləmə vasitələrinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Bahar Muradova qeyd edib ki, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi rəqəmsal mühitdə uşaqların müdafiəsi sahəsində mövcud çağırışlara daha çevik və səmərəli cavab vermək baxımından mühüm və dəyərli fürsət yaradır.

Qiymət Mahir

TodayPress TV

tag: Bahar Muradova,Ailə, Qadın və Uşaq,Komitə,Todaypress.tv,