Aytac Əlisultanlı: “İçərişəhər müasir çağırışlara uyğun yeni idarəetmə mərhələsinin astanasındadır”

Cəmiyyət

23.12.2025 11:51

"İçərişəhər addım-addım yeni bir dövrün astanasına qədəm qoyur və bu mərhələdə yeni yanaşmaların, müasir idarəetmə formalarının tətbiqi zəruridir". 

TodayPress TV xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İçərişəhər tarixin və memarlığın kəsişdiyi, minilliklər boyu xalqımızın tarixinə şahidlik etmiş bəşəri dəyər və unikal memarlıq incəsidir:

"Bu qədim şəhər əsrlər boyunca müxtəlif tarixi hadisələrə və fərqli idarəetmə modellərinə şahidlik edib, bir neçə mərhələdən keçib və bu gün artıq yeni inkişaf mərhələsinə daxil olur. İçərişəhər 1977-ci ildə Tarix-Memarlıq Qoruğu statusu alıb, 1985-ci ildə dövlət statusu qazanıb, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb, 2009-cu ildən etibarən isə UNESCO-nun dəstəyi ilə hazırlanmış konservasiya master-planı əsasında genişmiqyaslı bərpa, təmir, regenerasiya və abadlıq işlərinə başlanılıb. 2016-cı ildə isə qurum publik hüquqi şəxs statusu alıb".

Aytac Əlisultanlı vurğulayıb ki, artıq 2025-ci ildə İçərişəhər müasir çağırışlar və tələbatlar fonunda yeni bir mərhələnin astanasındadır. Rəqəmsal transformasiya, çevik idarəetmə və əsaslı islahatlara ictimai tələbatın artması bu mərhələnin əsas xüsusiyyətlərindəndir.

"Qarşıdakı dövrdə əsas məqsəd İçərişəhərin tarixi dəyərini qorumaqla yanaşı, onu müasir idarəetmə modelləri əsasında dayanıqlı və dinamik şəkildə inkişaf etdirməkdir".

Türkan İsgəndərli

TodayPress TV

tag: Aytac Əlisultanlı,İçərişəhər,Qoruq,Tədbir,Todaypress.tv,