Amnistiya sonrası yeni mərhələ: Azadlığa buraxılan vətəndaşlar işlə təmin olunacaq?
Cəmiyyət
22.12.2025 17:19
"Məhkumluqdan azad edilən vətəndaşlarımızın işlə təmin olunması məsələsi daim dövlətin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, görülən işlərin əsas məqsədi həmin şəxslərin cəmiyyətə inteqrasiya prosesinin sürətləndirilməsi və onların dayanıqlı məşğulluğunun təmin edilməsidir:
"Təcrübə göstərir ki, azadlığa buraxıldıqdan sonra işlə təmin olunan vətəndaşlar cəmiyyətə daha tez uyğunlaşır və sosial həyata fəal şəkildə qoşulurlar. Bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi proqramlar və məqsədyönlü mexanizmlər tətbiq olunur. Həmin proqramlar çərçivəsində məhkumluqdan azad edilən şəxslərin məşğulluq xidmətləri vasitəsilə əmək bazarına çıxışı dəstəklənir, onların peşə bacarıqlarının artırılması və iş tapması üçün real imkanlar yaradılır".
Deputat bildirib ki, bu yanaşma bütövlükdə onların həm əmək bazarına, həm də cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir. O əlavə edib ki, qarşıdakı dövrlərdə də məhkumluqdan azad edilən vətəndaşlarımızın işlə təminatı prioritet istiqamət olaraq qalacaq:
"Xüsusi proqramlar çərçivəsində bu şəxslərə göstərilən dəstək onların cəmiyyətə daha qısa zamanda adaptasiya olunmasına, sosial fəallığının artmasına və tamhüquqlu cəmiyyət üzvü kimi formalaşmasına imkan yaradır", - deyə parlamentari fikrini sonlandırıb.
Qeyd edək ki, 22 dekabrdan Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi Amnistiya aktının icrasına başlanılıb. Akt 4 ay ərzində icra ediləcək. Bu çərçivədə ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: Vüqar Bayramov,Deputat,Amnistiya,Vətəndaş,Todaypress.tv,
