İlham Əliyev: Azərbaycanın bir çox qədim şəhəri öz memarlığı ilə fəxr edə bilər
“Təkcə Bakı deyil, Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fəxr edə bilər”.
TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bir vaxtlar Şirvanşahlar dövlətinin paytaxtı, XIV əsrin böyük Azərbaycan şairi Nəsiminin doğulduğu Şamaxı şəhəri dünyada 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinə sahibdir.:
“Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı, böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin vətəni olan Naxçıvanda onun tərəfindən ucaldılmış və XII əsrə aid olan Möminə Xatun türbəsi var. Dünyanın ən qədim şəhərlərindən biri, XII əsrin digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin doğulduğu Gəncə şəhəri isə bu gün öz tarixi simasını qoruyub saxlamaqla yanaşı, Bakı kimi sürətlə inkişaf edir”.
Dövlət başçısı Azərbaycanın digər tarixi bölgələrinin – Qəbələ və Şəkinin qədim mədəni irsinə, həmçinin Lahıc kəndinin unikal infrastrukturuna diqqət çəkib:
“Qafqaz Albaniyası dövlətinin paytaxtı və əsas şəhərlərindən olan Qəbələ və Şəkidə çox sayda tarixi abidələr mövcuddur. Şəki yaxınlığındakı Kiş kəndində yerləşən alban məbədi (kilsəsi) çox güman ki, dünyada ən qədimlərdən biridir. Əcdadlarımızın istedadının digər bir nümunəsi isə Lahıc kəndidir. 15 əsr əvvəl bu kənd salınarkən insanlar orada kanalizasiya sistemi və su boru kəməri inşa ediblər ki, həmin sistem bu gün də fəaliyyət göstərir”.
Qiymət Mahir