Azərbaycan iqlim böhranına hazırdır?
Bu günlərdə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin şəhər inkişafı sahəsində atdığı addımları bir daha ön plana çıxarır. Forumun mövzusu da məhz düzgün şəhərsalma, mənzil böhranını həll etməkdir.
Nəzərə alsaq ki, iqlimdə ciddi dəyişiklik gedir, risklər qarşısında vəziyyətimiz nə yerdədir?
Ölkədə urbanizasiya səviyyəsi artıb, xüsusilə Bakıda əhali sıxlığı yüksəkdir. Sovet dövründən qalan balanslı şəhərləşmədən sonra müstəqillik illərində paytaxta axın güclənib. İndi şəhər əhalisinin payı 50 faizdən çoxdur. Bu proses özündə yeni problemlər yaradır - infrastruktur yükü, yaşayış sahələrinin genişlənməsi, yaşıllıqların azalması.
İqlim dəyişikliyi isə bunları daha da ağırlaşdırır. Son onilliklərdə orta temperatur 1,3 dərəcəyə qədər artıb, quraqlıq halları çoxalıb, yağıntı rejimi dəyişib. Xəzər dənizi səviyyəsinin enməsi, sel və daşqın risklərinin artması şəhər planlaşdırmasını birbaşa təsir edir.
Son illərdə leysan yağışlar nəticəsində Bakı və digər şəhərlərdə su basması halları tez-tez olur. Kanalizasiya sistemləri bəzən yükə tab gətirmir. Qurumların məlumatına görə, bu istiqamətdə işlər aparılır, drenaj sistemlərinin yenilənməsi, yeni yaşıl zonaların salınması, “ağıllı şəhər” layihələri kimi işlər görülür. Forumda da bu mövzular müzakirə olunur, şəhərləri iqlimə uyğunlaşdırmaq üçün təbiətə əsaslanan həllər önə çəkilir.
Həmçinin WUF13-də dayanıqlı şəhərlər mövzusu təbii fəlakətlərə hazırlığı əhatə edir. Azərbaycan seysmik aktiv zonada yerləşir. Bakı da daxil olmaqla bir çox ərazilərimiz risk altındadır. Son illərdə Türkiyədəki zəlzələlərdən sonra ictimaiyyətdə narahatlıq artıb. Ekspertlərin sözlərinə görə, yeni tikililərdə standartlar sərtləşdirilib, amma köhnə fond hələ də problemdir.
Ümumi baxdıqda, ölkəmiz iqlim dəyişikliyinə qarşı mübarizədə fəal mövqe tutur. Paris Sazişi, COP29 təcrübəsi, yaşıl enerji layihələri (külək və günəş stansiyaları), azad olunmuş ərazilərdə “ağıllı kənd və şəhər” konsepsiyası buna nümunədir.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də Bakıda başlayıb və mayın 22-də başa çatacaq.
Türkan İsgəndərli