Yeni islahatlar: Pensiya yaşı artırılacaq?

Cəmiyyət

17.10.2025 14:44

Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pensiya yaşının artırılmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb.

Maraqlıdır, yaxın gələcəkdə pensiya yaşında artım ola bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı hər hansı layihə müzakirə olunmur və bu istiqamətdə təqdim edilmiş sənəd yoxdur.

Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritetlər sırasında qalır:

"Vacib istiqamətlərdən biri özəl pensiya fondlarının yaradılması və sığorta-pensiya münasibətlərinin tənzimlənməsidir. Bu istiqamətlərdə islahatların dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözlənilir. Strategiyada qeyd olunan məsələlər daha çox uzunmüddətli dövr üçün nəzərdə tutulub. Həmin dövrdə əhalinin yaşı, sığorta ödənişləri və demoqrafik amillər nəzərə alınmaqla qərarlar veriləcək".

Deputat əlavə edib ki, hazırda əsas hədəflər özəl pensiya fondlarının formalaşdırılması və pensiya sığorta sisteminin təkmilləşdirilməsidir. 

Parlamentari növbəti ildə bu istiqamətdə konkret addımların atılmasının gözlənildiyini vurğulayıb.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar, o cümlədən demoqrafik vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa və sistemləşdirməyə çalışır", - deyə Vüqar Bayramov fikrini sonlandırıb.

Qeyd edək ki, iddialara cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklifin müzakirə olunmadığı bildirilib.

O da qeyd edilib ki, ölkədə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilməklə yanaşı, bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtlı-vaxtında həyata keçirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Bayramov,Deputat,Pensiya,Maaş,Todaypress.tv,

photo