TDT-nin risklərə hazır olması son dərəcə vacibdir! - Ramiz Yunus AÇIQLADI

Təhlil

08.10.2025 21:50

“Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başladığı genişmiqyaslı təcavüz köhnə dünya düzəninin tamamilə dağılmasına səbəb olan əsas təkan olub”.

TodayPress TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb.

O qeyd edib ki, bu müharibə ilə BMT başda olmaqla, bütün mövcud beynəlxalq institutlar fəaliyyət qabiliyyətini itiriblər. Hüququn gücü isə yerini gücün hüququna verib. Hazırda yeni güc mərkəzlərinin axtarışı gedir və bu axtarışın istiqaməti tam aydınlaşmayınca, təəssüf ki, Rusiya–Ukrayna cəbhəsində müharibə davam edəcək: 

"Dünya çoxqütblülüyə doğru gedir və hələlik iki əsas mərkəz – ABŞ və Çin aydın görünürsə də, artıq yeni güc mərkəzləri də öz söz hüququnu tələb edir. Onlar mövcud status-kvoya, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə verilmiş veto hüququna razı deyillər. Belə yeni mərkəzlərdən biri də sürətlə nüfuz qazanan Türk Dövlətləri Təşkilatıdır (TDT). Bu təşkilat bir neçə gün öncə Azərbaycanda keçirilən 12-ci Zirvə Görüşündə türkdilli ölkələrin siyasi və iqtisadi baxımdan vahid bir məkanda birləşməsi istiqamətində növbəti addımı atdı. Sammit inteqrasiyanın dərinləşdirilməsi ilə yanaşı, təhlükəsizlik məsələlərini də əhatə edən mühüm qərarların qəbuluna təkan verdi”.

Professor vurğulayıb ki, Avropa İttifaqı və  NATO acı təcrübə yaşayıb. Rusiyanın Ukraynaya təcavüzü qarşısında tam hazırlıqsız qalan Qərb isə fiaskoya uğrayıb. Buna görə də TDT-nin yeni dünya düzənində mümkün çağırış və risklərə sistemli, operativ şəkildə hazır olması son dərəcə vacibdir. Bu, təşkilatın çevik reaksiya verməsi və Avropa İttifaqı ilə NATO-nun müasir tarixdə buraxdığı səhvləri təkrarlamaması üçün əsas şərtdir.

Ramiz Yunus sonda amerikalı filosof və yazıçı Corc Santayanadan sitat gətirib:

“Keçmişi unudanlar, onu təkrar yaşamağa məhkumdurlar”.

Qiymət Mahir

TodayPress TV

tag: Rusiya, Ukrayna, BMT,Ramiz Yunus , todaypress.tv,