"Fələstin məsələsinin köklü həllə ehtiyacı var" - RƏY

Təhlil

19.11.2025 15:52

HƏMAS BMT Təhlükəsizlik Şurasının ABŞ-nin Qəzza ilə bağlı planını dəstəkləyən qətnaməsini rədd edib və sənədin “Fələstin xalqının hüquqlarını əks etdirmədiyini” bildirib. Hərəkatın açıqlamasına görə, beynəlxalq qüvvələr yalnız atəşkəsin icrasına nəzarət məqsədi ilə sərhəddə yerləşdirilməlidir. Qətnamə 15 üzvdən 13-nün dəstəyi ilə qəbul olunub, Rusiya və Çin isə bitərəf qalıb. 


Maraqlıdır, HƏMAS-ın BMT qətnaməsini rədd etməsi bölgədə danışıqlar prosesini hansı istiqamətə sürükləyə bilər? 

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Fələstin məsələsinin köklü həllə ciddi ehtiyacı var:


"Çünki artıq tam aydındır ki, xırda addımlarla və lokal mövzuları gündəmə gətirməklə bu problemin həllinə nail olmaq mümkün deyil".

Ekspertin sözlərinə görə, ABŞ və İsrailin dominant təsiri səbəbindən Fələstin xalqı öz taleyini müəyyən edə bilmir: 


"Görürük ki, burada bir çox ölkələr – ABŞ və onun müttəfiqləri, xüsusilə də İsrail – real nəticə verə biləcək bütün konstruktiv mexanizmləri rədd edirlər. Fələstin xalqı demək olar ki, müxtəlif güc mərkəzlərinin toqquşması arasında qalıb. Onlara elə bir situasiya yaradılıb ki, artıq öz müqəddəratını özü müəyyən edə bilmir, onun taleyinə başqa qüvvələr qərar verir. Bu da təsadüfi deyil. İsrailin beynəlxalq aləmdə güclü dayaqları, geniş imkanları və böyük nüfuzu var. Dünya mediasının əksər platformalarında yəhudi lobbisinin təsir imkanları mövcuddur. Bu səbəbdən Fələstinin beynəlxalq dəstəyi son dərəcə məhduddur, o da əsasən ayrı-ayrı ölkələr və bəzi ərəb dövlətləri ilə məhdudlaşır".

"Qəzza məsələsinə gəlincə, vəziyyət doğrudan da faciəvidir". 

Politoloq əlavə edib ki,  İsrailin illərdir tətbiq etdiyi blokada və hərbi əməliyyatlar nəticəsində 2 milyondan çox insan  təhlükəsizlik və təminatlardan məhrum vəziyyətdə yaşayır. İnsanlar sanki səmanın altında müdafiəsiz buraxılıblar.

T. Abbasov hesab edir ki,  bölgədə atəşkəs olmadığı üçün real sülh prosesi mümkünsüz görünür: 

"Burada ABŞ-nin  də  öz siyasi maraqları ön plandadır. Tramp administrasiyasının məqsədi müəyyən mənada sülh prosesini canlandırmaq olsa da, real, əsaslı sülh mexanizminə bu gün heç kim yol açmır. Çünki bölgədə hələ də atəşkəs elan olunmayıb, hər gün ölüm halları yaşanır, hərbi texnika səfərbərdir və Təl-Əviv istənilən an yeni hücuma başlamağa hazır görünür".


O, eyni zamanda 7 oktyabr iddialarına diqqət çəkib:

"İsrailin bu əməliyyatları formal olaraq 2023-cü ilin 7 oktyabr hadisələri ilə əsaslandırılır – guya hücum, sərhədin yarılması, mülki şəxslərin öldürülməsi və s. Lakin tarix göstərir ki, böyük siyasətdə təxribatlar çox vaxt mühüm rol oynayır. Bir müddət əvvəl Livan ərazisindən atəş açıldığı iddia olunmuş, Druz uşaqları faciəvi şəkildə həlak olmuşdu. Buna görə "Hizbullah" ittiham edilsə də, təşkilat bunu tam şəkildə təkzib etdi".

Ekspertin qənaətincə, İsrail bölgə ilə bağlı genişlənmiş iddialarını qoruyur:

"Əsas məsələ isə Fələstin dövlətinin yaradılmasıdır. İsrail buna razılıq vermir və iştahını getdikcə böyüdür. Onlar “Böyük İsrail” konsepsiyasını ortaya atırlar və bunu Misirin, İordaniyanın, Suriyanın, İraqın bir hissələrini, yəni Nil çayından Fərata qədər olan geniş coğrafiyanı əhatə edən bir layihə kimi təqdim edirlər. Bu yanaşmanın simvolu kimi İsrail bayrağında Davud ulduzunun yuxarısındakı və aşağısındakı iki xəttin məhz Nil və Fərat çaylarını simvolizə etdiyi bildirilir".

"Belə bir şəraitdə lokal və yarımçıq addımlarla problemin həllinə nail olmaq mümkünsüzdür".

Politoloq əlavə edib ki, mütləq şəkildə İsrail Fələstin dövlətinin yaradılmasına razılıq verməli, Qüds hər iki xalqın – həm israillilərin, həm də fələstinlilərin – paytaxtı kimi qəbul edilməlidir. İsrail bu ideyaya da qarşı çıxır. Və nəhayət, bölgədəki qarşıdurmalara son qoyulmalıdır. Əks halda, regionda sonsuz bir fəlakət dövrü yaşanacaq.

"Ona görə də real həll yalnız odur ki, Fələstin dövləti rəsmən yaradılsın. Bu baş verməyənə qədər orada soyqırım, qarşıdurma və qeyri-sabitlik də davam edəcək", - Tofiq Abbasov fikrini tamamlayıb. 

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,Fələstin,İsrail,Todaypress.tv,