100 qırıcı, 1 hədəf: Qitə öz sipərini bərpa edir...
Təhlil
18.11.2025 17:15
Fransa prezidenti Emmanuel Makron noyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə bildirib ki, tərəflər Kiyevə hərbi yardım barədə tarixi saziş imzalayıb.
Zelenski Fransadan 100 "Rafale" qırıcısı alacaqlarını deyib, tədarükün isə ən tez 2029-da başlayacağı gözlənilir.
Maraqlıdır, bu saziş hansı maraqlara xidmət edə bilər? Bu Avropa müdafiə müttəfiqliyində yeni bir mərhələnin başlanğıcıdır, yoxsa Fransanın milli maraqlarına xidmət edən taktiki addım?

Mövzu ilə bağlı TodayPress TV -yə danışan politoloq Natiq Miri bildirib ki, saziş Ukraynanın gələcək təhlükəsizliyini təmin etməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər:
"Bu saziş əslində bu günə deyil, gələcəyə hesablanan məsələdir və ilk növbədə Ukraynanın təhlükəsizliyi ilə bağlıdır. Müharibənin yaxın perspektivdə dayanması mümkündür; ehtimal olunur ki, 2026-cı ildə döyüşlər dayana bilər. Lakin bu, problemin tam həlli demək deyil, çünki qarşıda hələ də aqressiv mövqeyi ilə Avropanı hibrid müharibə vasitələri ilə təhdid edən Rusiya dayanır. Buna görə hazırda bir çox ölkələr Rusiya ilə daha genişmiqyaslı qarşıdurma ehtimalına hazırlaşır".
Ekspert vurğulayıb ki, sülh razılaşması belə Rusiyanın yenidən hücuma keçməyəcəyinə zəmanət vermir:
"Bu kontekstdə Moskva ilə hər hansı atəşkəs və ya sülh müqaviləsinin yaxın gələcəkdə imzalanması belə, Rusiyanın uzunmüddətli perspektivdə yenidən müharibəyə başlamayacağı anlamına gəlmir. Tarixi təcrübə də bunu göstərir: 1994-cü ildə Ukraynanın nüvə arsenalını təhvil verməsi müqabilində ona təhlükəsizlik zəmanəti verilmişdi və bu zəmanəti verən ölkələrdən biri də Rusiya idi. Bu gün isə məhz Rusiya Ukraynanın təxminən 20 faizini işğal etmiş vəziyyətdədir".
Onun fikrincə, Ukraynanın əsas zəmanəti kağız sənədlər yox, güclü və çəkindirici ordudur:
"Ona görə də istənilən beynəlxalq təhlükəsizlik sənədinin özü-özlüyündə kifayət etmədiyini Ukrayna çox yaxşı anlayır. Ən real təhlükəsizlik zəmanəti Ukraynanın güclü ordusu və müasir silah arsenalıdır. Dünya dövlətlərinin yardımı mühümdür, lakin bu yardımlara baxmayaraq, Rusiya müharibəni dayandırmır. Deməli, həlledici amil güc faktorudur. Ukrayna da gələcəkdə elə bir hərbi güc formalaşdırmaq istəyir ki, Rusiya yeni hücum barədə düşünəndə “iki dəfə düşünsün”.
Şərhçi Ukraynanın yeni qırıcılar və müdafiə sistemləri ilə həm bu günü, həm də gələcək təhlükəsizliyini gücləndirdiyini diqqətə çatdırıb:
"Buna görə də Ukrayna Fransadan 100 ədəd "Rafale" qırıcısı, müxtəlif hava hücumundan müdafiə sistemləri, İsveçdən "Gripen" təyyarələrinin alınması və digər müasir raket və aviasiya paketləri üzərində işləyir. Bu layihələr həm mövcud müharibədə müdafiəni gücləndirir, həm də uzunmüddətli təhlükəsizliyi təmin etməyə yönəlib".
N.Miri həmçinin bildirib ki, Fransa üçün bu həm siyasi-iqtisadi maraqdır, həm də Avropa təhlükəsizliyi baxımından Ukraynanın güclənməsi vacibdir:
"İkinci məsələyə gəldikdə, Fransanın bu prosesdə həm siyasi, həm geosiyasi, həm də iqtisadi maraqları var. Çünki söhbət pulsuz hərbi yardımdan getmir - bu, böyük həcmdə silah satışıdır və Fransanın hərbi sənaye kompleksinin maraqlarına cavab verir. Eyni zamanda Fransa Ukraynanın güclənməsini Avropa təhlükəsizliyinin vacib elementi kimi görür. Çünki Avropanın cənub-qərb sərhədləri qarşısında real döyüş qabiliyyətinə malik yeganə ordu məhz Ukraynadır. Hazırda Avropada Ukrayna səviyyəsində döyüş təcrübəsinə malik ordu yoxdur. Dünyada isə real döyüş təcrübəsi olan bir neçə ordu mövcuddur: ABŞ, Rusiya, Ukrayna və Türkiyə".
Politoloq sonda əlavə edib ki, bu baxımdan Ukraynanın güclənməsi həm Fransanın, həm də ümumilikdə Avropanın müdafiə maraqlarına uyğundur. Çünki perspektivdə Ukraynanın Avropa Birliyinə tamhüquqlu üzvlüyü gözlənilir və bir neçə ildən sonra bu prosesin sürətlənməsi mümkündür. Onun sözlərinə görə, əgər müharibə yaxın bir il ərzində başa çatsa, Ukraynanın Aİ-yə üzvlüyü məsələsi daha da tezləşdirilə bilər.
Jalə Rövşən
tag: Emmanuel Makron,Volodimir Zelenski , "Rafale" qırıcısı,Natiq Miri,Ukrayna ,Todaypress.tv,
