"Sülh gətirəcəm deyir, böhran yaradır..." — Tramp savaş elan edir?
Təhlil
24.10.2025 17:08
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Venesuelada quru əməliyyatına başlayacağını açıqlayıb.
Savaşları bitirmək üçün sanki yarışa girən Tramp indi Venesuela ilə müharibəyə hazırlaşır?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Orucov bildirib ki, Tramp administrasiyasının bu addımı regionda yeni gərginlik ocağı yarada bilər:

“Tramp təkcə Venesuela ilə deyil, bir sıra Latın Amerikası ölkələri ilə də ciddi problemlər yaşayır. Onun Kolumbiya, Braziliya və Meksika ilə münasibətlərində də anlaşılmazlıqlar mövcuddur. Bu gərginliklər qarşılıqlı ittihamlarla müşayiət olunur. Maraqlı məqam ondadır ki, dünyada müharibələri dayandırdığını iddia edən ABŞ Prezidenti eyni zamanda yeni böhran mənbələri yaradır”.
Ekspertin sözlərinə görə, Vaşinqtonun Karakasla münasibətləri hələ əvvəlki prezident dövründən bəri gərgin idi:
“Venesuela dünyanın ən zəngin karbohidrogen yataqlarına malik ölkələrindən biridir. Bu, ABŞ üçün strateji əhəmiyyət daşıyır. Lakin rejimlə dərin fikir ayrılıqları Vaşinqtonla əməkdaşlığın qarşısını alırdı. Tramp administrasiyası təzyiqləri artırmaqla Venesuelanın təbii resurslarına çıxış əldə etməyə çalışır. Artıq ABŞ-nin xüsusi xidmət orqanlarına Venesuelada müəyyən əməliyyatlar keçirmək üçün icazə verilib və regionda hərbi qüvvələr artırılır. Buna cavab olaraq Venesuela da müdafiə hazırlıqlarına başlayıb”.

Əli Orucov hesab edir ki, vəziyyətin hərbi toqquşmaya çevrilməsi ehtimalı hələlik azdır:
“Bu proses genişmiqyaslı eskalasiyaya gətirib çıxarmayacaq. Tərəflərin heç biri açıq müharibədə maraqlı deyil. Görünən odur ki, biz daha bir müharibənin şahidi olmayacağıq".
Qiymət Mahir
tag: Əli Orucov,Politoloq,Tramp,Venesuela,Savaş,Todaypress.tv,
