ŞƏT-dəki vetonun səbəbi AÇIQLANDI: "Ermənistana xoş gəlmək üçün..."
Təhlil
04.09.2025 17:42
Sentyabrın 1-də Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb.
TodayPress TV xəbər verir ki, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.
Bəs Hindistan Azərbaycana qarşı niyə bu cür addım atır?
Azərbaycan tərəfi bunu necə qiymətləndirməlidir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tural İsmayılov Hindistanın vetosunun səbəblərini izah edib:
"Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanın bu gün Cənubi Qafqazda yüksələn mövqeləri, həmçinin ölkəmizin Şərq–Qərb kimi mühüm geoiqtisadi və logistika layihələrində mərkəz habı halına gəlməsi Hindistanın geopolitik qısqanclığına səbəb olur. Baxmayaraq ki, ölkələrimiz arasında coğrafi olaraq böyük məsafələr var, amma Hindistan Azərbaycanın Avropa ilə Asiya arasında strateji əhəmiyyətli mövqelərə gəlməsini həzm edə bilmir. Digər mühüm səbəb isə Azərbaycanın Pakistanla yaxın qardaşlıq münasibətləridir ki, Hindistan bunu da qəbul edə bilmir. Bu da öz növbəsində Hindistanın Baş naziri Narenda Modi hakimiyyətinin beynəlxalq münasibətlər sisteminə nə qədər qeyri-rasional yanaşdığını göstərir. Çünki Azərbaycanın Pakistan da daxil olmaqla hər hansı ölkə ilə qurduğu strateji müttəfiqlik heç vaxt hansısa üçüncü qüvvəyə qarşı yönəlməyib. Azərbaycan siyasi və iqtisadi münasibətləri inkişaf etdirdiyi ölkələrin digər dövlətlərlə münaqişələrində heç zaman onlara qarşı tramplin rolunda çıxış etməyib”.
T.İsmayılov, həmçinin əlavə edib ki, Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edib. Çünki biz 30 il işğaldan əziyyət çəkmişik. Bu səbəbdən də Kəşmir məsələsində Pakistanın haqlı və beynəlxalq hüquq tərəfindən tanınan mövqelərini müdafiə edirik.
Ekspert bu məsələdəki digər incə məqamdan da bəhs edib:
“Hindistanın istehsal etdiyi silahlar dünyada heç bir ciddi alıcı tərəfindən qəbul edilmir. Çünki nə döyüş əməliyyatlarında özünü doğruldub, nə də hərbi sənaye mütəxəssisləri tərəfindən yüksək qiymətə layiq görülüb. Bu gün isə Hindistan Ermənistan kimi büdcəsi zəif və uğursuz alıcı taparaq silahlarını ona satır. Bu səbəbdən onlar həm də Ermənistana xoş gəlmək üçün Azərbaycan əleyhinə bu cür addımlar atılır.
Lakin Şanxay Əməkdaşlıq Təşkilatı çox böyük platformadır. Hindistan ŞƏT üzvü olsa da, Pakistan kimi böyük güc də bura üzvdür. Əsas söz sahibi isə Çin və Mərkəzi Asiyanın Azərbaycanla müttəfiq olan digər ölkələridir. Ona görə də təşkilat daxilində qərarverici qüvvə onların əlindədir. Bu baxımdan Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə veto qoyması absurd və gülüncdür. O cümlədən Hindistanın özü üçün böyük itkidir".
Qiymət Mahir
tag: Tural İsmayılov,Politoloq,Ermənistan,Hindistan,Todaypress.tv,
